ƏDLİYYƏ NAZİRİ FİKRƏT MƏMMƏDOV STRASBURQDA SƏFƏRDƏ OLMUŞDUR
Səfər çərçivəsində F.Məmmədov Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni seçilmiş sədr, Norveçdən olan H.Skard və keçmiş sədr C.Di Stasi ilə görüş keçirmişdir.
Görüşdə Azərbaycanda bələdiyyələrə keçirilmiş son seçkilərdən sonra bir sıra seçki məntəqələrində ləğv olunmuş nəticələr üzrə yeni seçkilərin keçirilməsi istiqamətində görülən işlər, ölkəmizdə müvafiq assosiasiyanın yaradılması ilə bağlı Norveç Assosiasiyası tərəfindən irəli sürülmüş təşəbbüs və həmin sahədə Azərbaycanda keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Nazir Avropa Şurasının Hüquqi Məsələlər üzrə baş direktorluğunun rəhbəri Gi De Vel ilə görüşündə Azərbaycan Respublikası ilə Avropa Şurası arasında mövcud əməkdaşlıq, gələcək əlaqələr və əldə olunmuş nailiyyətlər, eləcə də ölkəmizdə qanunvericilikdə, məhkəmə və penitensiar sistemlərində aparılan islahatlar, Avropa Şurasında qəbul olunmuş proqramların həyata keçirilməsinə dair məsələlər müzakirə edilmişdir.
Nazirin Avropa Şurasının baş katibi T.Devis və İnsan hüquqları üzrə komissar T.Hammerberq ilə işgüzar görüşlərində ölkəmizlə Avropa Şurası arasında bir sıra sahələrdə əməkdaşlıq, görülən işlər və prioritet istiqamətlər müzakirə edilmişdir.
Ədliyyə naziri F.Məmmədov Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 13-cü ümumi sessiyasının gündəliyindəki “Cənubi Qafqaz: Yerli və regional demokratiya” adlı bənd üzrə çıxış etmiş, Azərbaycanda yeni olan yerli özünüidarəetmə institutunun formalaşması istiqamətində görülən işlər barədə danışmış, mükəmməl hüquqi bazanın yaradıldığını bildirmiş, ölkəmizdə keçirilmiş son bələdiyyə seçkilərinə dair iştirakçılara ətraflı məlumat vermişdir.
Ədliyyə naziri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazisinin 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi faktlarını diqqətə çatdırmış, demişdir ki, bunun nəticəsində Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşı özünüidarəetmə hüququndan məhrum olmuşdur.
Sonra nazir F.Məmmədov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin keçmiş sədri C.Di Stasiyə Ədliyyə Nazirliyinin medalını təqdim etmişdir.
Görüşlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Aqşin Mehdiyev iştirak etmişdir.