ƏDLİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 7 saylı cəzaçəkmə və müalicə müəssisələrində saxlanılan bir neçə məhkum saxtalaşdırılmış məhkəmə sənədləri əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişlər.
Bununla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə təxirə salınmadan zəruri tədbirlər həyata keçirilmiş, o cümlədən azadlığa qanunsuz buraxılmış şəxslərin cəzaçəkmə yerlərinə qaytarılması üçün tədbirlər görülmüş, cəzaların azaldılması ilə bağlı məhkəmə qərarlarının həqiqiliyinin yoxlanılması təmin olunmuşdur.
Həqiqiliyi yoxlanılmamış sənədləri icraya yönəltməklə həbsdə olan şəxslərin qanunsuz azad olunmasına şərait yaratmış 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi Salman Cəfərov, müalicə müəssisəsinin rəisi Nizami Nağıyev, həmin müəssisələrin xüsusi şöbələrinin rəisləri Vaqif Şükürov və Elşad Quliyev tutduqları vəzifələrdən azad olunmuş, penitensiar sistemdə nizam-intizamın və nəzarətin gücləndirilməsi, yol verilən qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması üzrə tədbirlər həyata keçirilmişdir.
Eyni zamanda, faktla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılmış, saxtakarlıqda iştirakı şübhəli bilinən Vaqif Şükürov barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılmış və istintaqdan yayındığı üçün onun axtarışı elan edilmişdir. V.Şükürov isə bu ərəfədə özünə xəsarət yetirmiş və hazırda stasionar qaydada müalicə olunur.
Qeyd edilən faktlar üzrə cinayət işinin istintaqı davam etdirilir.