Ədliyyə Nazirliyinin tibb personalı üçün təlim-treninqlər aparılıb
Bakı, 20 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda koronavirusla əlaqədar həkim və orta tibb işçiləri üçün davamlı olaraq xüsusi təlim-treninqlər aparılır.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq və əks-epidemik tədbirlərə hazırlamaqdır.
İnstitutda Ədliyyə Nazirliyinin tibb personalı üçün bir neçə təlim aparılıb. Tədris auditoriyalarında azsaylı qruplar üçün keçirilən təlimdə koronavirusla yoluxmuş xəstələrlə təmas edən infeksionistlər, anestezioloqlar və ftiziatrlara xəstəlik haqqında, mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılıb və praktik vərdişlər nümayiş etdirilib.