ƏFQANISTAN RUSİYADAN KOMPENSASİYA ALMAQ İSTƏYİR
Əfqanıstan Prezidenti Həmid Kərzainin mətbuat katibi Məhəmməd Kərim Rəhimi bildirmişdir ki, Əfqanıstanın viranə qalması Sovet İttifaqının müdaxiləsindən başlandı və bu müdaxilə ölkənin bütün siyasi, iqtisadi və sosial qurumlarının tamamilə dağılmasına gətirib çıxardı.
Xatırladaq ki, 26 il əvvəl SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi qrupu Kabildə Prezident Hafizulla Əminin sarayını tutmuşdur. Sovet İttifaqının Əfqanıstanda onillik müharibəsi beləcə başlanmışdı. İndi onu sovet rəhbərliyinin “çox böyük siyasi səhvi” adlandırırlar. Prezident sarayı alınan gün hələ Daşkənddə olan Babrək Karməl dövlətin başçısı elan edilmişdi. Əfqanıstana hərbi müdaxilə ölkədə vətəndaş müharibəsinə və 15 minədək sovet əsgər və mütəxəssisinin tələf olmasına gətirib çıxarmışdır. 1979-cu ildən 1989-cu ilədək 1,3 milyondan çox əfqanıstanlı öldürülmüşdür ki, onların da əksəriyyəti dinc sakinlər idi. SSRİ Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra onunla müharibədə ABŞ-ın dəstəklədiyi taliblər hakimiyyəti ələ keçirmişlər. ABŞ-da 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra Vaşinqton ifrat ortodoksal talibləri devirmiş və indiki Prezident Həmid Kərzai seçkilər nəticəsində hakimiyyətə gəlmişdir.