ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ DÖVLƏTİN ÜSTÜNLÜK VERDİYİ SAHƏDİR
Nazir Əli Nağıyev ötən il görülmüş işləri geniş təhlil etmiş, bildirmişdir ki, nazirliyin və onun strukturlarının kollektivləri ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi sosial siyasətin həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çalışmışlar.
Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Tatyana Babayeva, Dövlət Əmək Müfəttişliyinin rəisi Qəzənfər Hacıyev, Baş Məşğulluq İdarəsinin rəisi Şükür Mehrabov, Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Əbülfət İmanov, Əmək və sosial problemlər üzrə elmi tədqiqat və tədris mərkəzinin direktoru Məsumə Məmmədova, Naxçıvan MR əmək və əhalinin müdafiəsi naziri Azər Ələkbərov iclasda çıxış etmişlər. Qeyd olunmuşdur ki, aparılan məqsədyönlü siyasət və reallaşdırılan islahatlar nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış uğurlar, dünya iqtisadi məkanına sürətli inteqrasiya, davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın təmin olunması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün möhkəm zəmin yaratmışdır. Xüsusi vurğulanmışdır ki, əhalinin sosial müdafiəsi dövlətin üstünlük verdiyi sahədir.
Natiqlər sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qanun, fərman, sərəncam və qərarlardan, onların yerinə yetirilməsi vəziyyətindən, həyata keçirilən dövlət proqramlarından, beynəlxalq maliyyə qurumlarının yardımı ilə reallaşdırılan layihələrdən də ətraflı bəhs etmişlər. Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara pulsuz nəqliyyat vasitələrinin verilməsi, müvafiq internat evləri və pansionatlarda yaşayanların sosial müdafiəsi və s. barədə konkret faktlar gətirilmişdir.
Nazir Əli Nağıyev kollegiya iclasına yekun vurmuşdur.