“Əkinçi”dən qlobal informasiya məkanına uzanan yol
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-si Azərbaycan milli mətbuatının tarixində dönüş nöqtəsi hesab olunur. 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoyub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Qazi Universitetinin tədqiqatçı-alimi Şəhla Aslan söyləyib. O qeyd edib ki, XIX əsrin ikinci yarısında fəaliyyətə başlayan “Əkinçi” cəmi iki il nəşr olunsa da, Azərbaycan cəmiyyətində yaratdığı ictimai və mənəvi təsir baxımından bütöv bir məktəb formalaşdırıb. Həsən bəy Zərdabi qəzeti xalqın maariflənməsi, ana dilinin inkişafı, milli şüurun oyanması və elmi biliklərin yayılması üçün mühüm vasitə hesab edirdi.
“Əkinçi”nin başladığı yol sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Açıq söz”, “Molla Nəsrəddin” və digər mətbuat orqanları tərəfindən uğurla davam etdirilib. Bu nəşrlər xalqın maariflənməsinə, milli özünüdərk hissinin güclənməsinə və ictimai-siyasi fikrin inkişafına töhfələr verib.
Şəhla Aslan bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra söz və mətbuat azadlığının təmin olunması, medianın hüquqi əsaslarının möhkəmləndirilməsi və demokratik informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirildi.
1998-ci ildə senzuranın ləğv edilməsi milli mətbuat tarixində dönüş nöqtəsi oldu. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Media sahəsində həyata keçirilən islahatlar milli informasiya məkanının inkişafına, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və peşəkar jurnalistikanın inkişafına yönəlib.
Tədqiqatçı-alim qeyd edib ki, son illər Şuşada təşkil edilən qlobal media forumları beynəlxalq media dialoqunun mühüm platformalarından birinə çevrilib. Bu il keçirilən IV Şuşa Qlobal Media Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq formatda keçirdiyi sual-cavab sessiyası regional və beynəlxalq gündəmdəki məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradıb. Forumda aparılan müzakirələr media ilə bağlı qlobal çağırışlar, informasiya təhlükəsizliyi və beynəlxalq əməkdaşlığın əhəmiyyətini ön plana çıxarıb.
Müsahibimiz vurğulayıb ki, 151 il əvvəl “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın əsas missiyası cəmiyyətin maariflənməsinə töhfə vermək, ana dilini yaşatmaq və milli kimliyi möhkəmləndirmək idi. Rəqəmsal texnologiyaların, süni intellektin və qlobal informasiya axınının sürətlə inkişaf etdiyi müasir dövrdə bu prinsiplər öz əhəmiyyətini qoruyur. İnformasiya təhlükəsizliyi, peşə etikası, obyektivlik və operativliklə yanaşı, Azərbaycanın mövqeyinin və milli maraqlarının beynəlxalq auditoriyaya düzgün çatdırılması da medianın mühüm vəzifələri sırasındadır.
“Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu göstərir ki, zəngin maarifçilik ənənələri ilə müasir jurnalistika prinsiplərinin vəhdəti milli medianın həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında üzərinə düşən missiyanı daha səmərəli yerinə yetirməsi üçün mühüm əsasdır”, - deyə Şəhla Aslan əlavə edib.