Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
Bakı, 27 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “facebook” səhifəsində “Tullantılara ikinci həyat ver” mövzusunda maarifləndirici və məşğuledici ekoloji məşğələlərə başlanılır.
Nazirliyin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, bu layihə ilə həm əhaliyə evdə qalmaqla səmərəli məşğuliyyət növü təklif olunur, həm də tullantıların atılıb ətraf mühiti çirkləndirməməsi üçün onların məişətdə və istehsalatda təkrar istifadəsinin təşviqi həyata keçirilir: “Plastik, şüşə, kağız və s. əşyaları istifadə etdikdən sonra onların yenidən istifadəolunma imkanlarının fərqinə varmadan tullantı kimi zibil qutusuna atırıq. Tullantılara yeni həyat verərək onları istifadəyə qaytarmaq həm büdcəmizə, həm də təbiətə faydalıdır. Həmin məqsədlə nazirliyin “facebook” səhifəsində keçiriləcək məşğələlər zamanı insanlar müxtəlif tullantılardan, xüsusilə plastik məmulatlardan məişət əşyalarının, vacib ləvazimatların hazırlanması prosesini göstərən videogörüntüləri izləyəcək, evdə qalaraq məişətləri üçün lazım olan yeni əşyaları hazırlamaq vərdişləri qazanacaq, vaxtlarını səmərəli keçirmə fürsəti əldə edəcəklər”.