AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi son illər meşələrimizdə geniş yayılmış həşəratla, ziyanvericilərlə mübarizə üçün kompleks tədbirlər görür. 2004-cü ildən ziyanvericilərlə planlı şəkildə mübarizə aparılır. O vaxt müxtəlif ziyanvericilərlə, o cümlədən ipəksarıyanla zədələnmiş meşə arealı Şamaxı, Ağsu, İsmayıllı və Xızı rayonları ərazisində təxminən 500 hektar sahəni əhatə edirdi. Təhlükəli həşəratı məhv etmək üçün müxtəlif üsullardan, o cümlədən tırtılların və onların baramalarının mexaniki üsulla yığılmasından istifadə olunmuşdur. Lakin bu tədbirlər lazımi nəticələr verməmişdir. Ötən il həmin tədbirlər artıq 50 min hektar sahədə davam etdirilmişdir. Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu, respublika Fitosanitariya Xidmətinin və bəzi digər idarələrin mütəxəssislərinin tədqiqatları bu il ziyanvericilərin sayının intensiv surətdə artacağını proqnozlaşdırırdı. Nazirliyin rəhbərliyi bu ekoloji bəlanı aradan qaldırmaq üçün büdcədən əlavə vəsaitin ayrılması xahişi ilə dövlətimizin başçısına müraciət etmişdi. Prezident İlham Əliyevin göstərişi ilə ziyanvericilərlə aviasiya və yerüstü mübarizə üsullarının tətbiqinə bu ilin büdcəsində 1 milyon 40 min manat vəsait ayrılmışdır.
“AZALAQRO” aviaşirkətinin gücü ilə İsmayıllı və Ağsunun 800 hektar ərazisində kontakt insektisidləri səpilmiş, bunun sayəsində büdcədən ayrılan vəsaitin 95 faizinə qənaət olunmuşdur. Nazirlik həmin vəsaitə meşə mühafizəsi tədbirləri görmək üçün avadanlıq almaq təşəbbüsü ilə hökumətə müraciət etmişdir. Meşə ziyanvericiləri ilə mübarizəyə bitkilərin bioloji mühafizəsi üsulu da böyük kömək göstərmişdir. Bu məqsədlə meşə ziyanvericiləri ilə qidalanan nadir kəpənək növlərindən istifadə olunmuşdur. Kəpənəklər ekoloqların və alimlərin səyləri ilə ziyanvericilərin qeydə alındığı meşə sahəsinin bütün perimetri boyunca yayılmışdır.