EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNDƏ YENİ QURUMLAR YARADILIR
Ekologiya və Təbii sərvətlər Nazirliyində regional şöbələrin, qoruqların, yasaqlıqların rəhbərlərinin, kütləvi informasiya vasitələri, qeyri-hökumət ekoloji təşkilatları nümayəndələrinin və alimlərin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirə nazirliyin yarandığı dövrdən ötən müddətdəki fəaliyyətinə və ölkənin qoruqlarında heyvanların mühafizəsi məsələlərinə həsr olunmuşdu.
Nazir Hüseynqulu Bağırov müşavirəni açaraq, nazirlik yarandıqdan sonra həyata keçirilmiş struktur dəyişiklikləri barədə məlumat vermişdir. Keçmiş Geologiya və Mineral Ehtiyatlar Komitəsinin işini iki istiqamətdə əlaqələndirmək qərara alınmışdır. Təzə yaradılmış Milli geoloji kəşfiyyat xidməti neft və qaz kəşfiyyatında Azərbaycan geoloqlarının ənənələrini qoruyub saxlamaqla yanaşı, yeni yanacaq ehtiyatları, o cümlədən daş kömür, şist, habelə qiymətli və yarımqiymətli metal, mərmər yataqlarının kəşfiyyatı üzrə qısamüddətli proqramların həyata keçirilməsi ilə də məşğul olacaqdır.
Azərbaycanda ilk dəfə Milli monitorinq xidməti yaradılmışdır. Bu qurum genişmiqyaslı tədqiqatlar aparacaqdır. Balansında artıq 30-a qədər gəmi olan elmi tədqiqat donanmasının işi qaydaya salınır. Milli hidrometeorologiya xidməti isə həm də Azərbaycan ərazisindəki buzlaqları öyrənəcəkdir.
Nazirliyin fəaliyyətində öncül istiqamətlərdən biri də ölkənin meşə massivlərinin bərpası işləri olacaqdır. Bu məqsədlə dövlət proqramı hazırlanmışdır. İxtisaslaşdırılmış elmi tədqiqat institutu fəaliyyətə başlayaca, burada Türkiyənin “Orman” şirkətinin mütəxəssisləri öz məsləhətlərini verəcəklər. Respublikanın bütün ərazisində meşə salınması ilə məşğul olan fəaliyyət göstərəcəkdir. Onların beş idarənin hər biri iki il ərzində 1000 hektar sahədə meşə salacaqdır.
Nazir qoruqların indiki vəziyyətindən danışaraq demişdir ki, Göygöl qoruğunun yaxınlığındakı meşələri ona birləşmək qərara alınmışdır. Bununla da həmin qoruğun sahəsi 10 min hektara çatdırılacaqdır. Ölkəmizin nadir təbiətinə bütün dünyada böyük maraq göstərilir. Almaniyanın Mixail Zukkov fondu Ağgöl qoruğunda tədqiqat işləri aparmaq niyyətindədir.
Bir sıra qoruqlarda nəzarət keçirilərkən brakonyer qurğuları aşkar edilmiş, quşların və heyvanların qanunsuz ovlanması halları üzə çıxarılmışdır. Nazirlik brakonyerlərlə amansız mübarizə aparmaq niyyətindədir. Bu işdə isə ictimaiyyətin, jurnalistlərin, alimlərin və qeyri- hökumət təşkilatlarının köməyinə böyük ehtiyac var.