CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və ekokönüllüləri “Könüllü donor” aksiyasına qoşulublar
Bakı, 9 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və ekokönüllüləri talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə başladılan “Könüllü donor” aksiyasına qoşulublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlar xüsusi karantin rejiminin qaydalarına əməl etməklə həmin aksiyada iştirak ediblər.
Ekokönüllülər qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır və cəmiyyətin diqqətini bu xeyirxah məsələyə yönəltmək istəyirlər.
Onlar hər kəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakıda ilə yanaşı, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə fəaliyyət göstərən bölmələrinə müraciət etməklə xeyirxah aksiyanın iştirakçısı olmağa səsləyirlər.
Xatırladaq ki, Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə kömək məqsədilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən “Könüllü donor” aksiyasına start verilib.