“EKSON-AZƏRBAYCAN” ŞİRKƏTİ QAÇQIN DÜŞƏRGƏLƏRİNDƏ UŞAQ ENSİKLOPEDİYASININ YENİ CİLDLƏRİNİ PAYLAMIŞDIR
Şirkət Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin köməyi ilə ensiklopediyanın iqtisadiyyata, okean və kosmosa həsr olunmuş üç yeni cildini paylamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “Ayna” Mətbu Evində Azərbaycan dilində latın əlifbası ilə nəşr olunmuş “Uşaq ensiklopediyası” çoxcildliyi müxtəlif mövzuları, o cümlədən ekologiya, idman, tarix, incəsənət, informatika və neftə həsr olunmuş sahələri əhatə edir. Mətn və şəkilləri Azərbaycanın peşəkar yazıçı, rəssam və alimləri işləyib hazırlamışlar. Müəlliflər hər bir sahə üzrə tarixi icmalı, ilkin elmi tədqiqatları, əsaslı yenilikləri və gələcək üçün proqrozları özündə əks etdirən hərtərəfli, tədris yönümlü mətnlər tərtib etmişlər.
“Ekson Mobil” şirkətinin Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik proqramları əsasən təhsili əhatə edir. Şirkət, eyni zamanda, Azərbaycan dilində latın əlifbası ilə dərsliklərin nəşr olunmasına kömək göstərmiş, məktəb kitabxanalarını tədris materialları, ali məktəbləri kompüterlərlə təmin etmişdir və edir.