Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan artıq qlobal logistika proseslərinin fəal iştirakçısıdır və yeni nəqliyyat marşrutlarının tətbiqi ölkənin mövqeyini təkcə regionda deyil, həm də qlobal miqyasda daha da gücləndirəcək.
Bu barədə AZƏRTAC-a müsahibəsində logistika üzrə ekspert və “Qadınlar nəqliyyatda və logistikada” platformasının (“Women in TLP”) Azərbaycan üzrə ölkə direktoru Səbinə Tanrıverdiyeva bildirib.
“Women in TLP” platformasının fəaliyyəti haqqında danışan Səbinə Tanrıverdiyeva əsas məqsədin nəqliyyat və logistika sektorlarında qadınları dəstəkləmək və inkişaf etdirmək olduğunu qeyd edib.
Onun sözlərinə görə, buna nail olmaq üçün təhsil proqramları, peşəkar inkişaf və qadınlar üçün beynəlxalq biznes əlaqələrinin qurulması da daxil olmaqla müxtəlif vasitələrdən istifadə olunur. Xüsusilə, platforma beynəlxalq səviyyədə tanınmış diplomlar və peşəkar ixtisas dərəcələri əldə etmək imkanları təqdim edən Kral Logistika və Nəqliyyat İnstitutu (“Chartered Institute of Logistics and Transport”, CILT) ilə sıx əməkdaşlıq edir.
Ölkə direktoru vurğulayıb: “Bu gün platforma 80-dən çox ölkədən nümayəndələri birləşdirən böyük beynəlxalq birliyə çevrilib. Keçən il təşkilatın illik iclası Avstraliyada baş tutub, bu il isə Honkonqda keçirilməsi planlaşdırılır”.
S. Tanrıverdiyeva qeyd edib ki, platformanın üzvləri arasında öz logistika şirkətlərinə sahib olan və ya dövlət qurumlarında çalışan Azərbaycan nümayəndələri var. Assosiasiyanın əsas missiyası qadınların peşəkar inkişafını təşviq etmək və nəqliyyat sənayesində onların imkanlarını genişləndirməkdir.
Ekspertin sözlərinə görə, logistika sahəsində işləmək yüksək səviyyədə təşkilatçılıq, dəqiqlik, birdən çox tapşırığı yerinə yetirmək və çətin vəziyyətlərə çevik həll yolu tapmaq bacarığı tələb edir. Bu keyfiyyətlər qadınlarda tez-tez rast gəlinir. “Logistika məhsul istehsalından tutmuş çatdırılma və son istehlakçıya qədər bütün təchizat zəncirinin idarə olunmasını əhatə edir. Bu, eyni vaxtda birdən çox prosesi izləməyi, vaxtı, təchizatçıları və tədarükü idarə etməyi və ortaya çıxan çətinliklərə dərhal cavab verməyi tələb edir”, - deyə o bildirib. Ölkə direktoru əlavə edib ki, taym-menecment bacarıqları, birdən çox tapşırığı yerinə yetirmək və problemi həll etmək qabiliyyəti logistikada uğur qazanmaq üçün xüsusilə vacibdir və məhz qadınlar bu keyfiyyətlər sayəsində tez-tez yüksək performans nümayiş etdirirlər.
Agentliyin müsahibi, həmçinin diqqətə çatdırıb ki, Assosiasiya öz nümayəndələrinin beynəlxalq tədbirlərdə və sənaye forumlarında iştirakını fəal şəkildə genişləndirir. Bunlara Logistika Forumu, Qara dəniz-Xəzər logistika forumu və digər böyük tədbirlər daxildir. Ötən il “Women in TLP” nümayəndələri Azərbaycanda keçirilən Qara dəniz-Xəzər logistika forumunda iştirak edib, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində təşkil edilən görüşlərə və tədbirlərə müntəzəm olaraq qatılıblar.
S. Tanrıverdiyeva Özbəkistanın paytaxtında İnvestisiya Forumunun keçiriləcəyini və bu tədbirdə TLP-nin Daşkənd ofisinin açılışının da olacağını açıqlayıb. “Bu, yeni işgüzar əlaqələr qurmaq üçün çox yaxşı fürsətdir. Belə məkanlar müxtəlif şirkət və təşkilatların nümayəndələrini bir araya gətirir, ikitərəfli görüşlər keçirmək, yeni tərəfdaşlar tapmaq və əməkdaşlıq üçün yeni perspektivlər kəşf etmək imkanı yaradır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu cür tədbirlər həm biznesin inkişafı, həm də nəqliyyat və logistika sektorunda qadınların beynəlxalq səviyyədə irəliləməsi üçün əlavə imkanlar yaradır.
Müəllif - Tamilla Məmmədova