Ekspert: Metrodakı təmir müddətində alternativ nəqliyyat imkanlarından səmərəli istifadə vacibdir
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı metrosunda icra edilən xətlərin ayrılması layihəsi ilə əlaqədar qarşıdakı 11 ay ərzində alternativ nəqliyyat imkanlarından səmərəli istifadə sərnişinlərin rahat hərəkətinin təmin olunmasına mühüm töhfə verə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ekspert Raqif Raufoğlu deyib.
Ekspert qeyd edib ki, bu müddətdə ekspres avtobuslar və digər alternativ nəqliyyat imkanlarının düzgün təşkili, marşrutların əvvəlcədən müəyyənləşdirilməsi və sərnişinlər üçün əlçatanlığının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır: “Bu müddət ərzində əsas məsələ insanların istifadə etdiyi marşrutları əvvəlcədən bilməsidir. Eyni zamanda, marşrutların sərnişinlər üçün əlçatan olması zəruridir. Alternativ nəqliyyat imkanlarının planlaşdırılması zamanı müxtəlif istiqamətlər üzrə inteqrasiyanın təmin edilməsi sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Bundan başqa, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu məsələdə hansı istiqamətlərdə əlavə dəstək göstərə biləcəyini də müəyyənləşdirmək lazımdır. Alternativ nəqliyyat imkanlarının bir-biri ilə əlaqələndirilməsi ümumi nəqliyyat sisteminin səmərəliliyini artıra bilər”.
O, mikromobillik vasitələrindən istifadəyə tələbatın da arta biləcəyini bildirib: “Bu ərazilərdə skuterlər və digər mikromobillik vasitələrindən istifadə imkanlarının artırılması nəzərdən keçirilə bilər. Ekspres avtobuslar, mikromobillik və marşrutları bir-biri ilə əlaqələndirmək, insanların eyni istiqamətdə hərəkət etməsi üçün alternativlər yaratmaq olar. Hər kəs bacardığı qədər bu prosesdə öz üzərinə düşən məsuliyyəti yerinə yetirməli və qarşıdakı dövrün daha rahat keçməsinə töhfə verməlidir. Əlavə tədbirlər və alternativ nəqliyyat imkanlarının genişləndirilməsi də qarşıdakı dövrdə sərnişinlərin hərəkətinin daha səmərəli təşkilinə şərait yarada bilər”.
Müxbir – Pərvanə Qafarova