Ekspert: Növbəti aylarda iqtisadi və sosial sferada yeni islahatların aparılacağını müşahidə edəcəyik
Bakı, 25 fevral, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycan 2019-cu ilə struktur islahatları ilə yanaşı, sosial sferada aparılan islahatlar və sosial təminatın gücləndirilməsi ilə daxil olub. Son 2 ayda bu sahələrdə aparılan islahatlar iqtisadi inkişafın daha dayanıqlı olmasını təmin edir, eyni zamanda, vətəndaşların iqtisadi islahatlardan daha çox faydalanmasına imkan yaradır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilin ötən dövründə həyata keçirilən fəaliyyətləri və islahatları qiymətləndirməklə yanaşı, növbəti aylar üçün prioritetləri müəyyənləşdirdi.
Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, geridə qoyduğumuz 2 ay sosial təminatın gücləndirilməsi baxımından yadda qaldı. Bir tərəfdən minimum əməkhaqqı, pensiyalar artırıldı, sosial sferada vətəndaşları maraqlandıran kifayət qədər ciddi və əhəmiyyətli işlər görüldü: “Eyni zamanda, istismara alınmayan binaların istismara alınması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan müvafiq fərmana uyğun olaraq bina evlərində yaşayan mənzil sahiblərinin çıxarışla təmin olunması ilə bağlı aparılan tədbirlər xüsusi qeyd olunmalıdır. Müşavirədə müzakirə edilən məsələlərdən biri də problemli kreditlərin həll edilməsi ilə bağlı ölkə başçısı tərəfindən göstərişin verilməsi və bununla bağlı fərqli təkliflərin müzakirəsi, bu məsələnin araşdırılması oldu. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımın atılması vətəndaşlarımızı daha çox narahat edən məsələlərdən birinin yaxın zamanlarda həll edilməsi anlamına gəlir. Praktiki olaraq bu, ondan xəbər verir ki, hazırda Azərbaycan vətəndaşını maraqlandıran sosial məsələlər dövlət başçısının diqqət mərkəzindədir. Xüsusən son aylar sosial təminatın gücləndirilməsi ilə bağlı atılan addımlar, ölkə başçısı tərəfindən fərqli problemlərin araşdırılması və həll edilməsi ilə bağlı verilən göstərişlər vətəndaşların sosial təminatının gücləndirilməsi, bütövlükdə iqtisadiyyatın inkişafı və inklüziv inkişaf baxımından çox vacibdir”.
V.Bayramov deyib: “Müşavirə, eyni zamanda, həm iqtisadi və sosial islahatların qiymətləndirilməsi, həm də növbəti dövrdə həyata keçiriləcək islahatlarla bağlı prioritet və istiqamətləri müəyyənləşdirdi. Həmin kontekstdən də bugünkü müşavirə Azərbaycanda növbəti aylarda da davamlı islahatların həyata keçiriləcəyi və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyi ilə bağlı mesajdır. Biz növbəti aylarda iqtisadi və sosial sferada yeni islahatların aparılacağını müşahidə edəcəyik”.