SİYASƏT
Əlcəzair mətbuatı Azərbaycanda multikulturalizm ənənələrindən yazıb

Qahirə, 8 iyun, AZƏRTAC
Əlcəzairin “Əl Vasit”, “Əl Şuruq” və “Əl Hərir” qəzet və portallarında “Azərbaycanda multikulturalizm” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə multikulturalizmin dini və irqi zəmində ayrı-seçkiliyə, islamofobiya və ksenofobiyaya qarşı ən təsirli vasitə olduğu, Azərbaycanın bu istiqamətdə region ölkələri üçün örnək təşkil etdiyi vurğulanıb. Müəllif qeyd edib ki, ölkəmizdə multikulturalizm ideyasını təbliğ etmək məqsədilə bir çox mötəbər beynəlxalq tədbirlər təşkil olunub, həmçinin təşəbbüslər irəli sürülüb.
Məqalədə diqqətə çatdırılıb ki, multikulturalizm və tolerantlıq azərbaycanlıların həyat tərzidir. Bu ənənələr xalqımızın tarixində də özünü göstərib. Belə ki, ölkəmizdə müxtəlif dinlərə və etnik qruplara mənsub olan insanlar əsrlər boyu mehriban qonşuluq şəraitində yaşayıb, onların hər biri bərabər hüquq və azadlıqlara malik olub. Multikulturalizm Azərbaycanın ədəbi mühiti, musiqisi, elm və təhsilində də əsas prinsiplərdən biri olub. Dövlətimizin bu sahədə siyasəti beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, Azərbaycan tolerantlıq nümunəsi kimi təqdim edilib.
Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövründə bu istiqamətdə mühüm qərarlar qəbul edilib, Azərbaycan sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni və dini müxtəlifliyin qorunmasını təmin etmək, habelə ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Prezident İlham Əliyevin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib. Dövlətimizin başçısının 15 may 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bundan başqa, Azərbaycan Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə həmin il “Multikulturalizm İli” elan edilib.
Yazıda multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ölkəmizdə təşkil olunmuş mötəbər beynəlxalq tədbirlər haqqında da geniş məlumat verilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə