SİYASƏT
Əlcəzair mətbuatında Zəngəzur dəhlizi və Azərbaycanın energetika strategiyası barədə məqalə dərc edilib
Qahirə, 17 fevral, AZƏRTAC
Əlcəzairin “Əl Hivar” qəzetində və “Əl Hərir” portalında Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Zəngəzur dəhlizi və Azərbaycanın energetika strategiyası” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni energetika xəttinin çəkilişinin artıq planda olduğunu bildirib. Dövlətimizin başçısı əlavə edib ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil, eyni zamanda, enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək, oradan xarici bazarlara çıxmaq və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir.
Müəllif diqqətə çatdırıb ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə energetika sektorunda xarici investorların iştirakından da bəhs edib. O qeyd edib ki, keçən ay bu sahədə ən böyük şirkətlərdən biri - “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirilib, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. “ACWA Power” ilə 240 meqavat, ondan sonra “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Sonda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisinin mümkün olacağını söyləyib və xarici investorları bu sahəyə dəvət edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə