Elçin Babayev: 20 Yanvar tariximizin unudulmayan səhifəsidir
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, fondun icraçı direktoru Elçin Babayev 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki rolunu qeyd edib. O deyib: “20 Yanvar keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir, bunu unutmaq olmaz. Lakin 20 Yanvar terror və ona qarşı mübarizə ilə yanaşı, Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini də təcəssüm etdirir. Bu tarixə xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olan, sonu müstəqilliyə aparan bir yolun başlanğıcı kimi baxmaq lazımdır. 20 Yanvar tariximizin unudulmayan səhifəsidir”.
E.Babayev ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin gələcəkdə daha da dərindən araşdırılacağına əminliyini bildirib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi-təşkilat şöbəsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli 20 Yanvar hadisəsinin siyasi, hüquqi və sosial aspektlərindən danışıb, bu günün gənc nəsil üçün vətənpərvərlik örnəyi olduğunu qeyd ediblər.
Sonda 20 Yanvar hadisələrinə həsr edilmiş qısa film nümayiş olunub.