Elçin Hüseynov: Milli Prioritetlər ölkəmizin inkişafı üçün böyük imkanlar yaradacaq
Cəlilabad, 11 fevral, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov bildirib.
Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramları kimi, “Milli Prioritetlər”in də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına hesablandığını vurğulayan İdarə rəisi, son 17 ildə Azərbaycan iqtisadiyyatının üç dəfə artdığını, ölkəmizin bölgənin ən qüdrətli ölkələrindən birinə çevrildiyini, beynəlxalq aləmdə demokratik inkişafda olan bir dövlət kimi tanındığını diqqətə çatdırıb: “Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, regionda lider dövlətə çevrilməsi, ilk növbədə, Prezidentimizin düşünülmüş siyasətinin, ölkədə ictimai-siyasi sabitliyin yaradılmasının, vətəndaş həmrəyliyinin təmin edilməsinin nəticəsidir. Dövlətimizin iqtisadi uğurları, ilk növbədə, erməni faşizmi üzərində qələbəmizi reallaşdırdı. Əgər Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı, 44 günlük müharibəni böyük qələbə ilə başa vura bilməzdik. Bu zəfər dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbə olmaqla bərabər, həm də iqtisadiyyatımızın dayanıqlı, xalqın yekdil, ordumuzun güclü olduğunu göstərdi”.
Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasının ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacağını söyləyən E.Hüseynov “Milli Prioritetlər”in effektiv həyata keçirilməsi üçün iki məqsədin təmin olunmasını vacib sayır: davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq. Davamlı və yüksək iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir: “İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir”. “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bildirilir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət göstərməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışı bərabərlik və ədalətlilik baxımından diqqət çəkməlidir”.
Elçin Hüseynov bildirib ki, Vətən müharibəsində qazandığımız böyük və tarixi qələbə, torpaqlarımızın azğın düşməndən azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün geniş imkanlar yaratmaqla bərabər, qarşıya mühüm vəzifələr qoyur.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Dövrün, zamanın tələbi əsasında təsdiqlənən Dövlət proqramlarının, inkişaf strategiyalarının icrasının uğurlu sonluqla başa çatması digər sənədin qəbulunu zərurətə çevirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır. Bu sənədi öyrənərkən bir daha əmin oluruq ki, iqtisadiyyatı möhkəm, davamlı və dayanıqlı olan dövlət güclüdür, çətinlikləri dəf etməyə, xalqı öz ətrafında birləşdirməyə, beynəlxalq aləmə çıxmağa qadirdir. Bunu Vətən müharibəsi bir daha sübut etdi. Biz gənclər əminik ki, ölkəmizin iqtisadiyyatı bundan sonra da uğurla inkişaf edəcək, insanlarımızın daha firavan həyatı təmin olunacaq”, - deyə o əlavə edib.