Elektrik enerjisinin bahalaşması İspaniya iqtisadiyyatının bərpası prosesini ləngidə bilər
Madrid, 18 oktyabr, AZƏRTAC
Koronavirus pandemiyası dövründə bir qədər dirçəlməyə başlamış İspaniya iqtisadiyyatının bərpası prosesi elektrik enerjisinin bahalaşması səbəbindən ləngiyə bilər.
AZƏRTAC xəbər verir ki, İspaniyada elektrik enerjisinin qiyməti hələ yayda artmağa başlayıb və o vaxtdan azalmır. İberiya Enerji Bazarı Operatorunun (OMIE) məlumatına görə, iyun ayında 1 meqavat-saat elektrik enerjisinin orta qiyməti 83,30 avro olduğu halda oktyabrın 7-də bu göstərici rekord qiymətə - 288,53 avroya çatıb. Müqayisə üçün xatırladaq ki, bir il əvvəl müvafiq rəqəm 40 avrodan aşağı idi.
Elektrik enerjisinin tarixdə görünməmiş dərəcədə bahalaşması sənaye müəssisələrinə ziyan vurur. Hərçənd, onların hesablarındakı vəsait COVID-19 pandemiyası səbəbindən onsuz da kəskin azalmışdı. Bir neçə zavod öz istehsal planlarında ixtisarlar aparmağı və ya istehsal xətlərini vaxtaşırı dayandırmağı qərara alıb.
Elektrik enerjisinin qiymətinin görünməmiş dərəcədə artması ev təsərrüfatlarına da ziyan vurur. Hökumət əlavə dəyər vergisini azaltmaqla bu zərbəni zəiflətməyə çalışsa da ailələr bahalaşmanın mənfi nəticələrini hiss edirlər.
Ekspertlər əmindirlər ki, əgər hökumət fiziki şəxslər üçün elektrik enerjisinin qiymət artımını dayandıra bilməsə, vəziyyət xərclərin azalması, son illərdə misli görünməmiş inflyasiyanın artması, istehsal ehtiyatlarının bahalaşması ilə nəticələnəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid