Əli Əhmədov: Cəmiyyətdə qadınların rolunun və iştirakçılığının artırılması dövlətimizin prioritet istiqamətlərindəndir
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Qadınlarının VI Qurultayı iki başlıca xüsusiyyəti ilə diqqət çəkir. Qurultayın Ulu Öndər Heydər Əliyevə həsr olunması və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi vaxtda keçirilməsi. Bunlar mühüm tarixi hadisədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan Qadınlarının VI Qurultayının oktyabrın 19-da keçirilən açılış mərasimində deyib.
Baş nazirin müavini vurğulayıb ki, tarixi qələbələrimizin qazanılmasını şərtləndirən amillərdən biri də sağlam ailə və bu ailələrdə yetişən vətənpərvər gənclər oldu. Biz bu gənclərimizlə fəxr edirik.
“Qadınlarımız həyatın bütün sahələrində iştirak edirlər. Onların rolunun və iştirakçılığının artırılması dövlətimizin prioritet istiqamətlərindəndir. Hazırda qadınlarımız çox inkişaf ediblər və Azərbaycan cəmiyyətində qadınlarımızın iştirakçılığının artırılması istiqamətində məqsədyönlü siyasət aparılır. Dövlətimiz qadınların iştirakçılığını təmin etməklə bərabər, onların potensialından düzgün istifadəni də diqqətdə saxlayır”, - deyə Əli Əhmədov qeyd edib.