MƏDƏNİYYƏT
“Əli və Nino” filminə daha bir tanınmış aktyor qoşulacaq
Bakı, 6 fevral, AZƏRTAC
Britaniyanın "PeaPie Films" kino şirkəti tərəfindən Qurban Səidin “Əli və Nino” əsəri əsasında çəkilən filminə daha bir tanınmış aktyor qoşula bilər.
AZƏRTAC xəbər verir ki, amerikalı aktyor Mendi Patinkin “Əli və Nino” əsəri əsasında çəkiləcək filmdə rol alması ilə bağlı danışıqlar yekun mərhələdədir. Bu barədə “Deadline” portalı məlumat yayıb.
Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, prodüseri Kris Tiker, rejissoru isə Asif Kapadiyadır.
Artıq filmdə baş rolların ifaçıları məlumdur. Kinoəsərdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Mariya Valverde “Səmadan 3 metr yüksəklikdə” filmi ilə tanınıb.
Filmin çəkilişlərinə bu ilin fevral və mart aylarında Bakıda və İstanbulda başlanacaq.