AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş: qida təhlükəsizliyi tələbləri gücləndirilir
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərində, eləcə də Abşeron-Xızı Regional Bölməsinin əhatə etdiyi Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərən ərzaq bazarlarının sahibləri ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Görüşdə Agentlik tərəfindən ərzaq bazarlarında aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, onların aradan qaldırılması istiqamətində görüləcək işlər və sağlamlaşdırma tədbirləri barədə məlumat verilib.
Sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, AQTA tərəfindən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinin təmin edilməsi istiqamətində sahibkarlara zəruri metodiki dəstək göstəriləcək.
Görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, ərzaq bazarlarının infrastrukturunun qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, həmçinin bazarlara qəbul edilən və istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməlidir.
Sahibkarlara görülmüş işlərin nəticələri barədə AQTA-ya məlumat vermələri tapşırılıb.
Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.