Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib
Balakən, 5 sentyabr, AZƏRTAC
Balakəndən olan coğrafiya müəllimi Sevda Kazımova peşəsini sevərək bu yola qədəm qoyub. Kənd məktəbindən tədrisə başlayan və harada olmasından asılı olmayaraq şagirdlərinə ölkəsinin coğrafi hüdudlarını, milli sərvətlərini tanıtmağa çalışan gənc müəllim inanır ki, çalışdığı təhsil ocağında hələ neçə-neçə gələcəyin istedadlarını, dünyanın müxtəlif ölkələrindən xoş soraqlı şagirdlərini yetişdirəcək. Ölkəmizdə gənclərin bilik, bacarıq və peşəkarlıq baxımdan yetişməsi üçün geniş imkanlar mövcuddur. Hər bir gənc də öz istedadına və biliyinə görə müvafiq ixtisasa və peşəyə yiyələnib qazandıqlarını çalışdığı sahədə tətbiq etməklə Vətən qarşısındakı borcunu yerinə yetirməyə çalışır. Əlbəttə ki, bu cür gənclərimiz az deyil. 2011-ci ildə Balakəndən məzun olaraq Azərbaycan Müəllimlər İnstitutunun “Coğrafiya” ixtisasına qəbul olunan Sevda Kazımova da onlardan biridir.
Yeni dərs ilinin başlanmasına sayılı günlər qaldığından Sevda müəllimə də günün əksər saatlarını məktəbdə keçirir, daha doğrusu kitabxanada. Onun üçün kitabxana zəngin bir məbəd, elm mərkəzinin beyni sayılır. O, AZƏRTAC-a müsahibəsində uğur hekayəsindən danışıb: “Mənim anam, xalalarım hərəsi bir ixtisas üzrə müəllim kimi uzun illərdir rayon təhsilində fəaliyyət göstərirlər. Anamın yüzlərlə şagirdləri var ki, soraqları müxtəlif yerlərdən gəlir. Hələ uşaqkən anamın şagirdlərinin onun ziyarətinə, görüşünə gəlməsini görəndə çox sevinirdim. Ailədə hamı elə zənn edirdi ki, mən də anamın ixtisası üzrə, onun yolu ilə gedəcəyəm. Lakin məktəbdə coğrafiya fənn müəllimimin ilk dərsdən öyrətmə və sevdirmə bacarığı məni valeh elədi. Zaman-zaman hiss elədim ki, bu fənn mənim həyatıma bütün varlığı ilə gəlir və ona daha çox meyillənirəm. Şagird olaraq bu fəndən nəticələrim yüksək oldu və qərarıma da ailəmdə kimsə etiraz etmədi. Beləcə, 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Coğrafiya müəllimliyi ixtisasına qəbul olundum, təhsilimi yüksək nəticələrlə başa vurub geri döndüm. Daha sonra MİQ imtahanlarına qatılaraq Qazma kənd tam orta məktəbində işə başladım”.
O, ilk iş gününü, ilk dərs saatını və qarşısına qoyduğu hədəfləri də qısaca nəqli edir. Çalışdığı kənd məktəbində aylar sonra şagirdlərin sevimlisinə çevrilən gənc müəllim bu fənn üzrə ona əlavə dərslər üçün müraciət edənləri görüncə hədəfinin doğru olduğunu anlayır və yoluna daha inam və həvəslə davam edir.
Gənc müəllimin isə hədəfləri, qarşıda məqsədi vardı. Rayonun ən qabaqcıl təhsil ocağında dərs demək. Bunun üçün də əlavə hazırlıq, çalışmaq, səy göstərmək lazım gəlirdi. Müəllimlik peşəsinin dördüncü ilində Sevda müəllim növbəti MİQ imtahanlarına qatılır və yüksək nəticə ilə Balakən şəhər akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirir.
Tarixi ənənələri və yüksək nəticələri olan bu təhsil ocağı gənc müəllim üçün yeni məktəb idi. Çünki burada bütün fənlər üzrə onun yaşı qədər çalışan təcrübəli, qocaman və işini dərindən sevən pedaqoqlar fəaliyyət göstərirdi. “Bu kollektivə tez alışdım. Çünki orada işini sevən və sevdirən, hər kəsə səmimi yanaşan insanlar vardı. Onu da anladım ki, burada sağlam mühit kimi sağlam rəqabət də var. Ancaq öyrənməli və öyrətməlisən” - deyən müsahibim dərsdən əlavə vaxtlarında da təcrübəli müəllimlərdən öyrənməklə yanaşı, ölkədaxili təcrübə proqramlarına, təlimlərə qatılmağı unutmur.
“Müəllim üçün ən qürurverici hadisə şagirdlərinin uğuru, ölkə və dünya olimpiadalarında iştirak və nəticələridir. İllər əvvəl anamın yanına gələn şagirdlərini xatırlayıram və o zaman onun müəllim kimi hansı hisslər keçirdiyini bu gün yaşamaqdan qürurluyam. Nə xoş ki, şagirdlərim rayon müsabiqələrində, region turlarında fərqlənir, hətta respublika fənn olimpiadalarına qatılırlar. Nə xoş ki, coğrafiya fənni üzrə rayona ilk medal gətirən də mənim şagirdimdir. Əslində, bu uğur tək mənim deyil, bütün məktəbimizin, Balakən təhsilinin uğurudur. Lakin fənn olaraq onu şagirdlərimə sevdirə, təlqin edə bilmişiksə demək sabaha inam var”, - deyə o bildirib.
S.Kazımova Elm və Təhsil nazirliyinin yeni layihəsi əsasında bu tədris ilindən Balakəndə fəaliyyətə başlayacaq tam orta məktəb təmayül tədris modelində müəllim kimi iştirak etmək üçün müsabiqəyə qatılıb və mərhələni uğurla keçərək işə başlayıb. Gənc müəllimin yeni tədris modeli ilə bağlı plan və məqsədləri, hədəfləri var və o digər təhsil ocaqlarında olduğu kimi yeni çalışacağı kollektivdə də bu istiqamətdə səylərini artıraraq qarşıya qoyulan hədəflər istiqamətində fəaliyyət göstərəcək. Məqsəd dövlətə sadiq, xalqa layiqli şagird, doğma Azərbaycanı dünyada təmsil edən vətəndaş yetişdirməkdir.
Gənc müəllimlə söhbət etmək, onu dinləmək xoş idi. Çünki gənc müəllimin ürəyi dolu, hədəf və məqsədi böyükdür. Ona gələcək fəaliyyətində uğur diləyib, məktəbdən ayrılır və şagirdləri ilə xoş xəbərlərinin ölkə və dünya müsabiqələri, olimpiadalarından eşidilməsini arzulayıb ayrılırıq.
Müxbir - Rasim İslamoğlu