Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib
Bakı, 4 sentyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli tarixçi-şərqşünas alim, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinin biblioqrafik göstəricisi işıq üzü görüb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşr N.Vəlixanlının 85 illik yubileyinə həsr olunub və AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən tərtib edilib. Biblioqrafik göstəricidə görkəmli şəxsiyyətlərin alim haqqında fikirləri, alimin nəşr etdirdiyi elmi və publisistik əsərlərin, tezis və məruzələrin, elmi rəhbəri olduğu dissertasiya işlərinin biblioqrafik təsvirləri toplanılıb. Görkəmli tarixçi-şərqşünas alim ərəb xilafətinin, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinin öyrənilməsi, orta əsr mənbələrinin tədqiqi, təhlili, nəşri, regionun sosial-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və tarixi coğrafiyası, Azərbaycan tarixinə dair muzey materiallarının tədqiqi haqqında məlumatların yer aldığı 200-dən artıq elmi əsərin müəllifidir.
Nailə Vəlixanlı AMEA-nın vitse-prezidenti seçilən ilk qadın alim olub. Hazırda görkəmli alim, Azərbaycanın ən böyük muzeyinin – Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsində çalışır.
“Elm” nəşriyyatında çapdan çıxan nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktoru Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır. Biblioqrafiya tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.