Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib
Bakı, 17 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu müddət ərzində mərkəz tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 184 nəfər əlilliyi olan şəxsə 333 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.
Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri ilə təmin olunublar.
Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan “Evdəqal” çağırışına dəstək məqsədi daşıyır.