Əlincə qalasında “Turan marşı”
Bakı, 25 may, AZƏRTAC
Naxçıvanın tarixi abidələrindən olan Əlincə qalasında Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ifa etdiyi “Turan marşı” klipinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, qalanın zəngin tarixi, əzəməti və qəhrəmanlıq salnaməsi onun şanlı keçmişini əks etdirən klipdə öz əksini tapıb.
Klipin özəlliklərindən biri də çəkilişlər zamanı tarixi dövrün ruhunun qorunmasına xüsusi diqqət yetirilməsidir. Bu məqsədlə milli geyimlər üzrə mütəxəssis Gülzadə Abdulovanın tikdiyi geyimlərdən istifadə olunub, obrazların vizual həlli tarixi ənənələrə uyğun şəkildə hazırlanıb.
Tanınmış telejurnalist, layihənin ideya müəllifi Səidə İbrahimli deyib: “Mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlərə töhfə vermək məqsədilə Naxçıvanda, Əlincə qalasında çəkilişlər aparmaq qərarına gəldik. İlk dəfədir ki, bu qalanın zəngin tarixini, əzəmətini və qəhrəmanlığını, şanlı keçmişini əks etdirən klip çəkdik. Çalışdıq ki, həm musiqi, həm məkan, həm vizual görüntü, həm də ifa bir-birini tamamlasın. Çəkilişlərin əsas mərhələlərindən biri qalanın ən yüksək nöqtəsində – 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş kompleksdə həyata keçirilib. Burada ucaldılan bayraq fonunda lentə alınan kadrlar layihəyə xüsusi vətənpərvərlik ruhu qatıb”.
Qeyd edək ki, “Turan marşı”nın sözləri və musiqisi şairə-publisist Nəsibə İsrafilqızına məxsusdur. Qalanın əzəmətini və möhtəşəmliyini əks etdirən, mövzuya uyğun kadrlar rejissor və videoqraf Faiq Əliyev tərəfindən hazırlanıb.