Elmar Məmmədyarov: Azərbaycan hər zaman İslam ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi önəm verib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan hər zaman İslam ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verib və coğrafi mövqeyinə görə əsrlərboyu Qərb və Şərq sivilizasiyaları arasında körpü rolunu oynayaraq İslam dininin mədəni və mənəvi dəyərlərini dünyaya təşviq edib.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankarada keçirilən “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycan müxtəlif dini mənsubiyyətin nümayəndələrinin azad, demokratik, firavan şəkildə bərabər yaşadığı tolerant bir ölkədir. Bu məsələyə dövlət səviyyəsində də xüsusi həssaslıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2016-cı il “Azərbaycanda Multikulturalizm İli” elan edilmişdi. Ölkəmiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların nümayəndələri ölkəmizə səfər edib, Azərbaycanda bu istiqamətdə mövcud proseslərin canlı şahidi olublar, bununla bağlı öz fikirlərini ifadə ediblər. Azərbaycan tolerant ölkə olmaqla yanaşı, bir müsəlman ölkəsidir. Müsəlman mədəniyyətini, tarixini yaşadan bir ölkədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bu ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilib.
“Hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirən Azərbaycanın əsas istəyi regionda sülhün, təhlükəsizliyin, əmin-amanlığın, firavan və mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. İnanıram ki, ölkələrinin ərazi bütövlüyünə, xalqlarının firavan gələcəyinə və beynəlxalq hüququn aliliyinə xidmət edən hər bir kəs Azərbaycanın haqlı mövqeyinin yanında olacaq”, - deyə Elmar Məmmədyarov vurğulayıb.