Elmir Babayev: Müasir dövrdə akademiyaların fəaliyyətində “Open Science” konsepsiyası xüsusi yer tutur
Bakı, 21 iyul, AZƏRTAC
AMEA-da Gənclər Akademiyasının yaradılması müasir elmi çağırışlara cavab verən, gənc alimlərin potensialının inkişafını və Azərbaycan elminin gələcək nəsillər üzrə davamlılığını dəstəkləyən mühüm institusional təşəbbüslərdən biridir. Dünyanın aparıcı elmlər akademiyalarında uğurla tətbiq olunan bu model gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyasına, liderlik bacarıqlarının formalaşmasına və elmi irsin qorunmasına mühüm töhfə verir.
Müasir dövrdə elmlər akademiyalarının rolu yalnız yeni biliklərin yaradılması ilə məhdudlaşmır. Onlar, həmçinin elmi potensialın qorunması, innovativ ideyaların dəstəklənməsi, elmin cəmiyyətlə əlaqələrinin gücləndirilməsi və ölkələrin intellektual inkişaf strategiyalarının formalaşdırılmasında əsas platformalardan biri kimi çıxış edirlər. Bu baxımdan AMEA-nın Gənclər Akademiyası və gələcək missiyası Azərbaycanın elmi potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev söyləyib. O bildirib ki, son onilliklərdə “Global Young Academy”, “Young Academy of Europe” və “Die Junge Akademie” kimi nüfuzlu elmi təşkilatlar gənc alimlərin beynəlxalq əməkdaşlığı, elmi dialoqu və liderlik potensialının inkişafını təşviq edən mühüm platformalara çevrilib.
Akademiyanın “səssiz gücü” mövcud elmi potensialın qorumasında, gələcəyin alimləri və liderlərinin yetişdirilməsində özünü göstərir. Bu baxımdan AMEA-da beynəlxalq təcrübə əsasında Gənclər Akademiyasının yaradılması strateji əhəmiyyət daşıyan institusional yenilikdir. Gənclər Akademiyası, eyni zamanda, Azərbaycanın elmi diplomatiyasının, intellektual “yumşaq güc”ünün və akademik davamlılığının mühüm dayaqlarından biri kimi çıxış edir.
Elmir Babayev qeyd edib ki, müasir dövrdə akademiyaların fəaliyyətində “Open Science” konsepsiyası xüsusi yer tutur. Elmi nəticələrin açıq paylaşılması, tədqiqat məlumatlarının əlçatanlığı və cəmiyyətin elmin inkişafında rolunun gücləndirilməsi akademiyaların ictimai məsuliyyətinin mühüm göstəricilərindən hesab olunur. Bununla yanaşı, süni intellekt elmi fəaliyyətin təşkili, qiymətləndirilməsi və beynəlxalq əməkdaşlıq mexanizmlərinə güclü təsir edən texnoloji transformasiya faktoru və yeni tədqiqat alətidir. Bu səbəbdən akademiyalar rəqəmsal dövrün intellektual infrastrukturunu formalaşdıran əsas institutlardan biri kimi çıxış edirlər.
Nəticə etibarilə, akademiyanın “səssiz gücü” elmi bilik istehsal etməsi və bu bilikləri milli inkişafın, beynəlxalq nüfuzun, mədəni diplomatiyanın və gələcəyin formalaşdırılmasının strateji alətinə çevirməsində əks olunur. Elmi məktəblərin qorunması, gənc tədqiqatçıların yetişdirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi bu səssiz gücün davamlılığını təmin edən əsas amillərdir. Akademiyalar bu gün yalnız elmi müəssisələr deyil, intellektual təhlükəsizliyi, elmi nüfuzu və gələcək inkişaf potensialını formalaşdıran strateji institutlar kimi çıxış edirlər.
Elmir Babayev XXI əsr bilik iqtisadiyyatının və intellektual rəqabətin həlledici amilə çevrildiyi bir dövr kimi xarakterizə olunur. Bu rəqabətdə qalibiyyət elmi məktəblər yaradan, mədəni irsi qoruyan, beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirən və yeni nəsil tədqiqatçılar yetişdirən ölkələrə məxsus olacaq. Bu baxımdan AMEA yalnız elmi nəticələri, yüksək akademik nailiyyətləri ortaya qoymur, həm də Azərbaycanın intellektual suverenliyini, elmi diplomatiyasını və qlobal elmi nüfuzunu formalaşdıran uzunmüddətli strateji dayaq rolunu oynayır.