Elnur Babayev: Bir çox yaşayış komplekslərində yanğını söndürmək üçün şərait yoxdur
Bakı, 28 may, Nicat Məmmədov, AZƏRTAC
Bu gün şərti həyəcan siqnalı verilərək Bakı şəhəri Nərimanov rayonu Əliyar Ağayev 8 ünvanındakı yaşayış kompleksinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xüsusi texnikası cəlb olunub. Apardığımız praktika nəticəsində on beş dəqiqə ərzində yanğından mühafizənin texnikası yaşayış kompleksinə yaxınlaşa bilmədi. Buna səbəb isə nəqliyyat vasitələrinin yolun kənarında, pərakəndə şəkildə park edilməsi, eləcədə yaşayış kompleksin həyətyanı ərazisindəki təyin olunmamış yerlərdə avtomobillərin saxlamasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə müdiri, daxili xidmət polkovniki Elnur Babayev deyib.
“Bu gün hər bir kəs gördü ki, şərti xilasetmə, həmçinin yanğınsöndürmə əməliyyatlarını respublikanın bir çox yaşayış komplekslərində, həmçinin hazırda olduğumuz ünvanda yerinə yetirmək mümkün deyil. Bu işlər Dövlət Yanğın Nəzarəti Xidmətinin rəhbərliyi, eləcədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə birgə həyata keçirilir. Yanğın hadisəsi baş verdiyi halda, yanğını söndürmək üçün texnikaya lazımi qədər şərait yoxdur. Bu gün biz əməkdaşlarımızın necə çətinliklərlə üzləşdiklərini gördük. Bununla əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən müvafiq tədbirlər görüləcək”, - deyə E.Babayev bildirib.
O qeyd edib: “Burda məqsəd cavabdeh şəxslər barəsində protokolların tərtib olunması, aidiyyəti üzrə müraciətlərin edilməsi və bu məsələnin nəzarətə götürülməsidir. Tərəfimizdən belə tədbirlər davam etdirilir. Bu gün bu yaşayış kompleksində plandankənar yoxlamalar keçirdik. Bu, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının icazəsi ilə həyata keçirilir. Hər kəs yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, vətəndaşlarımız yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılmalı və bunlara əməl olunmalıdır".