Əlverişsiz iqlim amillərinin təsirlərinin aradan qaldırılması ilə bağlı seminar keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə regionlarda əlverişsiz iqlim amillərinin təsirlərinin aradan qaldırılması ilə bağlı fermerlərin maarifləndirilməsi davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun təşkilatçılığı ilə Ağcabədi rayonunda “Taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı innovativ mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda elmi-praktik seminar keçirilib. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin və Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin dəstəyi ilə birgə təşkil olunmuş seminar nəzəri və praktiki hissədən ibarət olub.
Tarla şəraitində keçirilmiş sahə nümayişində zərərvericilərin növ tərkibinin sıxlığının müşahidəsi həyata keçirilib. Fermerlərin, aqrar sahə mütəxəssislərinin iştirakı ilə keçirilmiş müşahidə zamanı əkin sahəsində bitkinin yerüstü və yeraltı orqanlarına baxılıb. Bildirilib ki, laboratoriyada yığılmış nümunələrin növ tərkibi dəqiqləşdirilərək istehsalçılara məlumatlar veriləcək. Sahə nümayişində alimlər tərəfindən bitkilərin yerüstü orqanlarının zədələnmə faizi, intensivliyi aşkar edilərək əyani misallar üzərində göstərilib. Eyni zamanda, zərərli orqanizmlərin populyasiyasının sıxlığı müəyyənləşdirilərək mübarizə tədbirləri nümayiş etdirilib.
Sahə nümayişi çərçivəsində fermerlərə taxıl əkinlərində innovativ texnologiyaların tətbiqi ilə bağlı dərin şumun üstünlükləri, qış və yaz aratı üçün şırımaçan aqreqatın iş prinsipləri, tirəyə səpin texnologiyası haqqında da ətraflı məlumat verilib.
İştirakçılara taxıl bitkisinin xəstəlik və zərərvericilərinə aid tövsiyə xarakterli bukletlər paylanılıb.