Əlyazmalar İnstitutunun alimləri elmi araşdırmalarını davam etdirirlər
Bakı, 11 aprel, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial izolyasiya və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisə “#evdəqal işdən qalma” rubrikası adı altında əməkdaşlarının fəaliyyətini təqdim edir. İnstitutun alimləri tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu nəşrlərin sırasında Əlyazmalar İnstitutunun mətbu orqanları (“Əlyazmalar yanmır”, “Elmi əsərlər”, “Filologiya məsələləri” jurnalları) da var.
Karantin dövründə jurnal redaksiyalarına göndərilən və çapa tövsiyə edilən məqalələrdən biri institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədlinin hazırladığı və “Elmi əsərlər” jurnalına təqdim etdiyi “Ənisül-üşşaq” əsərinin çap və əlyazma nüsxələri” başlıqlı məqaləsidir.
Məqalədə qeyd olunur ki, XIV əsrdə yaşamış böyük Azərbaycan şairi və ədəbiyyatşünası Şərəfəddin Rami Təbrizinin həyatı haqqında əlimizdə çox az məlumat vardır. Bir çox təzkirə müəllifləri onun hərtərəfli biliyə, istedada malik şair və ədəbiyyatçı olması barədə məlumat veriblər.
Vurğulanıb ki, Raminin “Ənisül-üşşaq” əsəri 19 babdan ibarətdir. Hər babda insan üzünün və vücudunun bir üzvünə həsr edilən ədəbi nümunələr əsasında poetik təsvir və ifadə vasitələrindən bəhs edilir. Ərəb və farsdilli ədəbiyyatdan gətirilən misra və beytlərdə işlədilən təşbehlərin elmi təsnifi verilir. Bədii nümunələrin seçimi və təhlil edilməsi zamanı Raminin yüksək ədəbi zövqü, zəngin mütaliəsi, Şərq poetikasının incəliklərinə dərindən bələd olması diqqəti cəlb edir. Əhməd Münzəvi “Fars əlyazmaları kataloqu” adlı əsərində “Ənisül-üşşaq” əsərinin İranın müxtəlif kitabxanalarında 44 əlyazma nüsxəsinin mövcud olması haqqında məlumat verir. Bundan əlavə, əsərin Rusiyada iki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda isə 5 əlyazma nüsxəsi saxlanılır.