ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDUNA ÜZV OLAN BANKLARIN SAYI 38-Ə ÇATMIŞDIR
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirmişlər ki, yeni fəaliyətə başlamış “Naxçıvanbank” quruma üzv qəbul edildikdən sonra üzvlərinin sayı 38-ə çatmışdır.
Fonda üzv olan hər bir banka müvafiq şəhadətnamə verilir və bu sənəd banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.
İştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond əmanətçiyə 2010-cu il yanvarın 1-dək əmanətin məbləğinin 100 faizini, lakin 6 min manatdan çox olmayaraq, kompensasiya ödəyir. Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir. Əmanətçinin bir bankda bir neçə əmanəti olduqda isə onlar toplanır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçilər bunu nəzərə alaraq öz vəsaitlərini bölərək müxtəlif banklarda saxlaya bilərlər.
Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəməlidir.
Xatırladaq ki, iştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.