ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarin 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 yanvar əlilləri və şəhid ailələri üzvlərinin iştirakı ilə Qanlı Yanvar faciəsinin 12-ci ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Qanlı Yanvar hadisəsini torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq idealları ilə yaşayan xalqımıza qarşı yönəldilmiş qəsd kimi qiymətləndirdi. O bildirdi ki, tarixin qara səhifələrindən biri olan Qanlı Yanvar hadisəsi zamanı Sovet Ordusunun, xüsusi təyinatlı dəstələrin, daxili qoşun birləşmələrinin görünməmiş qəddarlığı Azərbaycan xalqının azadlıq və müstəqillik eşqini söndürə, iradəsini, mübarizə əzmini qıra bilmədi.
Sonra Azərbaycanın azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Nazir qeyd etdi ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı hadisələr zamanı fiziki sağlamlıqlarını itirərək əlil olmuş soydaşlarımız möhtərəm Prezident Heydər Əliyevin humanist siyasəti nəticəsində dövlət qayğısı ilə daim əhatə olunmuşlar və onlar bu qayğını bu gün də hiss edirlər.
Əli Nağıyev sosial müdafiə sahəsində dövlətin həyata keçirdiyi siyasətin icrası ilə əlaqədar nazirlik tərəfindən görülən işlər barədə də məlumat verdi, bu qəbildən olan insanların problemlərinin gələcəkdə də həll ediləcəyini vurğuladı.
Görüşdə çıxış edən mərasim iştirakçıları 20 Yanvar əlillərinə, şəhid ailələrinə göstərdiyi qayğıya görə Prezident Heydər Əliyevə minnətdar olduqlarını bildirdilər və nazirliyin sosial siyasət sahəsində gördüyü təqdirəlayiq işləri alqışladılar.
Mərasimin sonunda Əlilləri Müdafiə Fondunun hesabına 20 Yanvar əlillərinə və şəhid ailələrinə maddi yardım olundu.