Əməkdar jurnalist Rəşid Faxralının “Əsgər nəfəsi” kitabının təqdimatı olub
Bakı, 17 noyabr, AZƏRTAC
Rəşid Faxralının “Əsgər nəfəsi” kitabı vətənpərvərlik ruhunda yazılmış əsərlər arasında öz layiqli yerini tutur. Bu kitab hər zaman aktuallığını saxlayacaq. “Əsgər nəfəsi” xalqımızın birliyinin, rəşadətli Azərbaycan Ordusunun, Türkiyə-Azərbaycan qardaşlığının qələbəsinin təcəssümüdür. Qələbənin kökündə əsgər ruhu dayanır. Bu ruhun formalaşmasında qələm sahiblərinin rolu böyükdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 17-də Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Əməkdar jurnalist Rəşid Faxralının “Əsgər nəfəsi” kitabının təqdimatında deyilib.
Tədbirdə 44 günlük müharibədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Vətən müharibəsi iştirakçısı, polkovnik Abdulla Qurbani bildirib ki, müharibə qurbansız olmur. Şuşanın düşmən tapdağından azad olunmasından sonra ermənilər məğlubiyyətlə barışmaq istəmir. Qələbə Günü kimi qeyd etdiyimiz 8 noyabrdan sonra düşmən boş dayanmır və bizə qarşı təxribatlar törədir. Ancaq Azərbaycan əsəri onların layiqli cavabını verir. Zabitlərimiz öncədən alınmış məlumatlar əsasında öz tədbirlərini görürlər.
Müəllifin həyat yoluna nəzər salan Abdulla Qurbani deyib: “Rəşid Faxralını Azərbaycan Ordusunda yaxşı tanıyırlar. Rəşid Gürcüstanın Faxralı kəndində anadan olub. O, ilk vaxtlar riyaziyyat müəllimi işləyib. Tale elə gətirib ki, onun jurnalistikaya olan həvəsi Rəşidin gələcəyinə təsir edərək yaradıcılığa istiqamətləndirib. Azərbaycanda müharibə başlayanda o da hərbi formanı əyninə geyinib gününü cəbhədə keçirmişdir. Bu gün Rəşid Faxralı “Əsgər nəfəsi” ilə yenidən orduya qayıdır.
Torpaq üzərində gəzənin deyil, onu qəlbində daşıyanındı. Rəşid Faxralı belə insanlardandır. Onun yazıları xəncəri qınından çıxaran yazılardır. Onun şeirlərindən biri də “Yazı masası” adlanır ki, müəllif onu səngərdə yaradıb. Kitabda verilən məqalələrin hər birində barıt qoxulu əsgər nəfəsi duyulur. O, torpaqların yalnız döyüşlə alacağımıza inanırdı. O əsgərlərimizi müharibədən əvvəl döyüşə səsləyirdisə, müharibədən sonra bu torpağı qorumağa çağırır. Bu kitabı oxuyan hər bir zabit, əsgər anlayacaq ki, onlar bu torpağı qorumağa məhkumdur”.
Bildirilib ki, kitabdakı materialların əksəriyyəti “Azərbaycan Ordusu” qəzetində çap olunub.
Kitabın çap olunmasında zəhməti keçənlərə təşəkkür edən tarix elmləri doktoru, professor Mehman Süleymanov
bildirib ki, ölkə başçısı öz çıxışlarında qeyd etdiyi kimi, Qələbə milli ruhun sayəsində əldə olunub. Bu, dövlət tərəfindən hazırlanan ideoloji bir xətdir. Rəşid Faxralı Azərbaycan hərbi publisistikasına yenilik gətirən müəlliflərdəndir: “R.Faxralı sözləri elə düzür ki, yeni bir dəst-xət yaranır. O, qələmi ilə Vətənə xidmət edir. Onun daşıdığı qələm əsgər silahı qədər kəsərlidir”.
Dünya tarixinin müharibələrlə zəngin olduğunu deyən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, bunlar arasında 44 günlük müharibə elə bir fenomendir ki, ermənilərin 200 illik hücum prosesini dayandırıb. Sovetlər sistemi çökəndən sonra Gürcüstandan başlamış İspaniyaya qədər dünya separatizm yaşayır. İlk dəfə Azərbaycan öz ərazisində separatizmi məhv etdi. “Dəmir yumruq” əməliyyatı texnoloji müharibə ilə seçilir. Bir çox ölkələr bu qalibiyyətin səbəblərini araşdırırlar. Əlbəttə, yeganə səbəb əsgər ruhunun olmasıdır.
O, müəllifin “Əsgər nəfəsi” kitabını yüksək qiymətləndirib və ona uğurlar arzulayıb.
AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədli deyib: “Rəşid Faxralı hərbi jurnalistikaya bir çox yeniliklər gətirib. O, kitabında insanları böyük məharətlə qələbəyə inandırıb. 44 günlük müharibədən sonra bu məqalələrin dəyəri artıb. Həm müharibə, həm müharibədən sonraki prosesləri elə təsvir edib ki, insanın təsəvvürünə gəlməyən nüanslara toxunub. O, qorxmaz bir jurnalistdir. Qələbənin qazanılmasında Rəşid Faxralının da payı var”.
Tədbirdə Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədova, tədqiqatçı-alim Eldar Məmmədov, ehtiyatda olan polkovnik-leytenant, hərbçi-tərcüməçi Bayram Məmmədov və başqaları çıxış edərək bildiriblər ki, Rəşid Faxralı öz yaradıcılığı, yazıları ilə hər zaman Azərbaycan əsgərinə ruh verib. Onun yaradıcılığı həmişəyaşardı.
Diqqətə çatdırılıb ki, Rəşid Faxralının “Əsgər nəfəsi” kitabına səngər şeirləri, 2016-cı ilin aprelində yazdığı “Lələtəpə”, “Bayraqtəpə” poemaları, Vətən müharibəsində yazdığı “Torpağım bəsdi mənə”, “Salam, ruhumuzun şəhəri Şuşam!”, Zəfərdən sonra yazdığı “Qələbəyə salam olsun!” poemaları da daxil edilib.
Vurğulanıb ki, R.Faxralının Vətən müharibəsində qazanılan Zəfərə həsr edilmiş “Əsgər nəfəsi” kitabı istər müharibə tariximizin zərrəsi kimi, istər müharibə tarixinə ədəbi hesabat kimi dəyərlidir.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən müəllif bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini bildirib.