Əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Milli standartlaşdırma üzrə Dövlət Proqramına uyğun olaraq, “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlament layihəsi hazırlanıb və 478 istinad standartı müəyyən edilib. AZSTAND/TK21 Texniki Komitəsi çərçivəsində 110 yeni dövlət standartı qəbul olunub və bununla da, 2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Qeyd olunub ki, hazırda həmin istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir. "Azərbaycanda əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində ilk qəbul edilmiş dövlət standartı AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi. Tələblər və tətbiq üzrə izahlar” dövlət standartıdır", - deyə o vurğulayıb.