ƏNƏNƏVİ NƏRD OYUNU İNTELLEKTUAL MƏŞĞULİYYƏTƏ ÇEVRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, kimya elmləri namizədi Rəsul Əhmədov noyabrın 21-də “Novosti Azerbaydjan” Agentliyində keçirilmiş mətbuat konfransında öz yeni ixtiralarını - intellektual stolüstü oyunları (qeyri-ənənəvi “Rənərd” nərdi, üç hissəli daşlardan ibarət “Rəxşanlı” dominosu və s.) təqdim etmişdir.
O demişdir ki, Azərbaycan dünya idmanında özünü ciddi göstərmişdir və indi, bütün idman tədbirində iştirak edir. “Mən istəyirəm ki, Azərbaycan intellektual oyunların vətəninə çevrilsin”. R.Əhmədov indiyədək on bir oyun ixtira etdiyini, onlardan üçünə müəllif patenti aldığını vurğulamışdır.
R.Əhmədov taxtada oyuqların sayının artırıldığı yeni nərd oyununun prinsiplərini nümayiş etdirmişdir. Zərlərin forması dəyişdirilmiş, onların səthinin sahəsi böyüdülmüşdür. “Rəxşanlı” oyunu isə ilk baxışda adi domino oyununu xatırladır. Lakin burada da prinsipial fərqlər var. 35 ədəd “rəxşanlı” domino daşlarının hər biri bir xətlə iki hissəyə deyil, iki xətlə üç hissəyə bölünmüşdür. Daşlar kifayət qədər sadə olsa da, oyunda qalib gəlmək üçün hər gedişin 18 variantını nəzərdən keçirmək lazımdır, halbuki adi dominoda cəmi altı variant mümkündür.
İxtiraçının təqdim etdiyi oyunların birində iştirakçı benzolun kimyəvi sxemini mozaika kimi yığmalıdır. R.Əhmədovun ixtira etdiyi digər üç oyun isə adi uşaqlarla yanaşı, zehni inkişafdan geri qalan uşaqlar üçün də nəzərdə tutulmuşdur. Klassik domino və nərd oyunlarından fərqli olaraq, intellektual oyunlar əsasən riyazi kombinasiyalara və məntiqə əsaslanır.
R.Əhmədov demişdir: “Mən bu nərd oyunlarını təkcə Azərbaycanda deyil, əcnəbi mütəxəssislərə və biznesmenlərə də göstərmişəm. Onlar bu oyunlarla çox maraqlandılar. Lakin mən bu ixtiralarımı xaricə satmağa tələsmirəm”.
Mətbuat konfransında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Xanlar Qurbanov və Bakı Slavyan Universitetinin laboratoriya müdiri Təvəkkül Şükürov çıxış etmişlər.