ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü qeyd olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İdarə Heyətinin üzvü Sənan Tapdıqov “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb. O, dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizdə baş verən hadisələrə toxunub, Ermənistan tərəfindən ərazilərimizin işğal edildiyini, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı həyata keçirildiyini diqqətə çatdırıb.
S.Tapdıqov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunmasının çox məharətlə həll edildiyini xüsusi vurğulayıb. O, 44 günlük Vətən müharibəsi və antiterror tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin tam bərpa edildiyini söyləyib.
Tədbirdə Agentliyin Aparat rəhbəri Xudayat Həsənli, İdarə Heyəti sədrinin müşavirləri Akif Təvəkküloğlu və Fərid Cəfərov Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətini vurğulayaraq, suverenliyin xalqımızın milli sərvəti olduğunu qeyd ediblər.
Dövlət Suverenliyi Günü münasibətilə Agentliyin tabeliyində olan qurumlarda da tədbirlər keçirilib.