Ərəb mətbuatı Şuşada “Masdar” şirkəti ilə imzalanan müqavilələrdən yazıb
Qahirə, 6 iyun, AZƏRTAC
Ərəb ölkələrinin “Əl Roya”, “Zəvya”, “Əl Ayn”, “Əl İttihad”, “Əl Maşad Əl Arabi”, “Əl Bəyan” və digər qəzet və portallarında Bakı Enerji Həftəsinin Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi”nin imzalanması barədə şirkətin mətbuat üçün açıqlaması dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Masdar” şirkəti Azərbaycanda həyata keçirəcəyi meqa layihələrə əsasən çoxmilyardlı “yaşıl” investisiyaların qoyulacağını, həmçinin dənizdə külək elektrik enerjisi güclərinin yaradılması və hidrogenin istehsal edilməsi ilə Xəzərin tarixində Azərbaycan vasitəsilə yeni səhifə açılacağını qeyd edib.
“Masdar”ın baş icraçı direktoru Mohamed Camel Al Ramahiyə istinadla qeyd edilib ki, şirkətin bərpaolunan enerji mənbələri sahəsində bilik və təcrübəsi Azərbaycanda enerji keçidini dəstəkləyəcək, eyni zamanda, dayanıqlı inkişafa, enerji təhlükəsizliyinin təminatına və zərərli tullantıların azaldılmasına dəstək verəcək.
Sonda bildirilib ki, hazırda “Masdar” şirkəti Azərbaycanın Energetika Nazirliyi ilə 220 milyon ABŞ dollarından çox investisiya hesabına 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edir.