“ERMƏNİ VANDALİZMİ” FOTOSƏRGİSİ
Rayon icra hakimiyyətinin və Bakı Şəhər Veteranlar Şurasının təşkil etdiyi sərgidə Qarabağ müharibəsinin iştirakçisı Əlövsət Qasımovun topladığı 60-dan artıq şəkil nümayiş olunur.
Sərgiyə gələnlər Qarabağ müharibəsi şəhidlərinin və ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Xətai rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Ədliyyə Nazirliyinin idarə rəisinin müavini Niyazi Məmmədov, Bakı Şəhər Veteranlar Şurası sədrinin müavini Yaşar Süleymanov, Siyasi texnologiyalar və innovasiyalar mərkəzinin direktoru Mübariz Əhmədoğlu, Türkiyə Avrasiya araşdırmalar mərkəzi Qafqaz bölməsinin müdiri Hatəm Cabbarlı və başqaları çıxış edərək, ermənilərin vəhşiliklərini dünyaya tanıtmaq üçün sərgidəki fotosənədlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğuladılar.
Əlövsət Qasımov AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi: “Erməni qaniçənlərinin vəhşiliyinin şahidi olmuşam, adsız dəfn olunan yüzlərlə şəhid görmüşəm. Vətən uğrunda canından keçənlərin bu dünyadan adsız köçməsi məni çox ağrıdırdı. Elə buna görə də təhlükəyə baxmayaraq, Tərtər bölgəsindəki döyüş meydanlarından şəhidləri tapır, ad və soyadlarını müəyyənləşdirirdim. Meyitləri ya ailəsinə verir, aliləsini tapmadıqlarımı isə el adətincə dəfn edirdim. Nəqliyyat və başqa problemləri həll etmək üçün “General Əlibəy” təxəllüsünü götürmüşdüm. Maneələrlə rastlaşanda onun adından əmrlər verirdim. Həm şəhidlərin silahlarını, həm də ermənilərdən qənimət götürdüyüm silah-sursatı aparıb təhvil verirdim. O zaman rayon polis şöbəsi rəisinin müavini işləyən kapitan Aydın Qasımov (hazırda ədliyyə nazirinin müavini, məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi, general-mayor - red.) mənə tövsiyə etmişdi ki, silahları təhvil verəndə sənədləşdir. 950 naməlum şəhid dəfn etdim, 1017 avtomat, külli miqdarda sursat təhvil verdim. Şəhidlərin nişanələrini götürür, şəkillərini çəkirdim. Sonralar bu nişanə və şəkillərin köməyi ilə 938 şəhidi ailəsinə tanıtdıra bildim. Bu sərgidə o vaxt çəkdiyim və çəkdirdiyim şəkillərin təxminən yarısı nümayiş etdirilir”.