Erməni vandalları ilə müharibədə olduğu kimi, koronavirus müharibəsində də ayıq-sayıq olmalıyıq
Bakı, 18 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərində törətdiyi təxribatla mübarizə apararkən digər müharibəni də yaddan çıxarmamalıyıq. Unutmamalıyıq ki, iki virusla mübarizə aparırıq: COVID-19 və erməni virusu. Erməni virusu hər birimizin düşmənidir. Onların Tovuz rayonu istiqamətində həyata keçirdikləri təxribatların nəticəsində qəhrəman övladlarımız şəhid oldular. Şəhidlərimizin qanı, canı bahasına bu torpaqlarda azad yaşayırıq.
Xalqımızın mübarizə əzmi, ordumuza dəstəyi, şəhidlərin xatirəsinə göstərdiyi ehtiram təqdirəlayiqdir. Bizim ordumuz güclüdür, qüdrətlidir. Lakin yaşından, cinsindən asılı olmayaraq hər kəs ayağa qalxaraq, Ali Baş Komandanın əmrini gözlədiyini, silaha sarılaraq düşmənlə döyüşməyə hazır olduğunu bildirdi. Bununla yanaşı, unutmayaq ki, COVID-19 pandemiyası ilə də savaşımız davam edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva bildirib.
O deyib ki, həkimlərimiz də xalq naminə mübarizə aparır, həyatları, sağlamlıqları bahasına xəstələrin şəfa tapmasına çalışırlar: “Erməni vandalları ilə müharibədə olduğu kimi, gözəgörünməz düşmənlə mübarizədə də ayıq-sayıq olmalıyıq. Sosial məsafəni qorumasaq, tibbi maskadan istifadə etməsək virusla mübarizədə məğlub ola bilərik.
Həmrəy olmalı hər iki ordunun - həm tibb işçiləri ordusunun, həm də milli ordumuzun arxasında durmalıyıq.
Düşmənlərimizin bir məqsədi də ölkəmizdə çaxnaşma yaratmaq, pandemiya dövründə virusun yayılmasına və itkilərimizin artmasına nail olmaqdır. Buna görə də hər birimiz diqqətli olmalıyıq. Kütləvi şəkildə toplanmamalı, vətəndaşların sıx olduğu yerlərdə sosial məsafəni qorumalı, tibbi maskadan istifadə etməliyik. İnanıram ki, hər iki savaş meydanından zəfərlə ayrılacağıq”.