ERMƏNİSTAN BÖLGƏDƏ SÜLHÜN BƏRQƏRAR OLMASINA ZƏRBƏ VURAN DAHA BİR FİTNƏKARLIĞA ƏL ATMIŞDIR
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş müraciətdə deyilir: Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması istiqamətində ATƏT-in Minsk qrupunun və digər beynəlxalq qurumların səylərinin artdığı bir vaxtda Ermənistan tərəfi sülh prosesinə ciddi zərbə vuran növbəti fitnəkarlığa əl atmışdır. Bu ilin avqust ayının əvvəllərindən etibarən Ermənistanın silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində komanda-qərargah hərbi təlimləri keçirməyə başlamışdır. Bununla yanaşı, həmin ərazilərdə Dağlıq Qarabağın tanınmamış separatçı rejimi yerli özünüidarəetmə orqanlarına 2004-cü ilin avqust ayının 8-də seçkilər keçirilməsinə hazırlıq işləri aparır.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin keçirdiyi komanda–qərargah hərbi təlimləri Ermənistan tərəfinin beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair qəbul etdiyi sənədlərə və çağırışlara məhəl qoymadığını bir daha göstərməklə, münaqişə regionunda vəziyyəti daha da mürəkkəbləşdirir, danışıqlar prosesinə ağır zərbə vurur.
Eyni zamanda, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın yaratdığı separatçı–qondarma rejimin yeri özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir. Avropa Şurasının rəhbərliyi hələ 2001-ci ilin avqust ayında Dağlıq Qarabağın əhalisini Azərbaycan icmasının iştirakı olmadan seçkilər keçirilməsindən çəkinməyə çağırmışdı. Lakin Ermənistan tərəfi BMT-nin, ATƏT-in qərar və qətnamələrini dəfələrlə tapdaladığı kimi, Avropa Şurasının çağırışına da məhəl qoymamışdır.
Bütün bunlar bir daha göstərir ki, Ermənistanın rəhbərliyi Dağlıq Qarabağ münaqişəsnin dinc vasitələrlə həllində maraqlı deyil və sülh danışıqlarının intensivləşdiyi bir zamanda seçki fitnəkarlığı və hərbi güc nümayiş etdirmək yoluna üstünlük verir.
Müraciətdə daha sonra beynəlxalq qurumlardan və həmsədrlərdən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təcavüzkar Ermənistana qarşı sanksiyaların tətbiq olunması, bölgədə sülhün əldə edilməsi üçün qəti addımlar atılması tələb edilmişdir.