Ermənistan tərəfi yenə öz dilinin bəlasına düşdü
Gəncə, 19 iyun, AZƏRTAC
Avropaya inteqrasiya ilə bağlı fəal siyasət yürüdən Azərbaycanın bu istiqamətdə atdığı addımlar Qərbdə geniş təqdir olunmaqdadır. Elə bunun nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsini vacib hesab edirlər. Milli maraqlarımız çərçivəsində görülən işlərin əsas məqsədi dünya dövlətləri ilə qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
O bildirib ki, "Şərq tərəfdaşlığı" proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir. 2008-ci ilin may ayında təsis olunan proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Avropa İttifaqına üzvlüyünü sürətləndirmək və bu istiqamətdə əməli addımlar atmaq idi. "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqının son illərdə Şərq qonşuları ilə əlaqələrinin inkişaf etməsinə, daha da dərinləşməsinə xidmət edir.
Müşfiq Cəfərov deyib ki, "Şərq tərəfdaşlığı" proqramına daxil edilən ölkələr, o cümlədən Azərbaycan son dövrlərdə xeyli üstünlüklər əldə edib. Buna nümunə kimi proqramda iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsini göstərmək olar. Bununla da vahid və hərtərəfli azad ticarətin inkişafına zəmin yaradıldı.
"Şərq tərəfdaşlığı"nın fəaliyyətini təhlil edən Milli Məclisin deputatı bildirib ki, proqramda perspektivdə tərəfdaş ölkələrin vətəndaşları üçün vizasız rejimin tətbiqinin nəzərdə tutulması lahiyəsinin hazırlanması da nəzərdə tutulurdu. Bu proqram ölkəmiz üçün həyata keçirilən növbəti uğurlu addım oldu. Bununla da 2013-cü ildə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş imzalandı. Bu, Avropaya inteqrasiyanı daha da sürətləndirən amil oldu. Saziş Azərbaycan vətəndaşları üçün qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Bu gün Azərbaycan vətəndaşlarına qısamüddətli Şengen vizası almaq üçün daha az sənəd toplusu hazırlamaq lazım olur, onların baxılma prosesi də daha az vaxt tələb edir. Həmçinin vizanın qiyməti də iki dəfə azaldılıb.
2019-cu ildə proqramın yaradılmasının on illik hesabatında göstərilirdi ki, bu illər heç də hədər keçmədi, əksinə, tərəflərin müxtəlif sahələrdə qurulan əməkdaşlığında əhəmiyyətli nəticələrə nail olundu. Avropa İttifaqına təqdim olunan hesabata görə, 10 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayəlar qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Ölkəmizin ümumi ticarət dövriyyəsinin 48,6 faizi təşkilata üzv ölkələrin payına düşüb. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramı ilə əhatə olunan 9 üzv ölkələrin içərisində Avropa İttifaqı ilə həyata keçirilən Tvinninq layihələrinin sayına görə də ön sıralarda dayanır. Bu lahiyələrin 38-i reallaşıb, 10-i isə hələ də həyata keçirilməkdədir.
Deputat qeyd edib ki, "Şərq tərəfdaşlığı" proqramının mövcudluğu, proqrama daxil olan ölkələr arasında əlaqələr, birgə proqramlar, daha çox dəstək bütün bu proseslərin daha güclü strukturlaşmış şəkildə həyata keçməsinə imkan yaratdı. Proqrama daxil olan dövlətlərin inteqrasiyaya və islahatlara olan marağı bir-birindən fərqlənir. Azərbaycan bu sahədə özünü doğrultmaqla Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu təsdiq etmişdir. Ümumiyyətlə, "Şərq tərəfdaşlığı" kimi birləşdirici platformalar Aİ ilə Şərq ölkələrini qarşılıqlı faydalı layihələr üzərində birgə işləməyə sövq edir.
Müşfiq Cəfərov onu da bildirib ki, "Şərq tərəfdaşlığı" proqramına qoşulan ölkələrin fəaliyyət istiqamətlərinin içərisində dörd prioritet sahə var - təhsil və gənclərin inkişafı, səhiyyə, regionların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi.
“Avropa İttifaqı, Azərbaycanda inkişafa yönəlmiş bütün layihələrə hər zaman iki kateqoriyaya aid vətəndaşları - Dağlıq Qarabağ münaqişəsində daha ağır zərbələrə məruz qalmış qaçqın və məcburi köçkünləri, eləcə də qadınları cəlb etməyə çalışır. Hansı ki ölkədə hələ də istifadə olunmayan irimiqyaslı potensialı təşkil edir. Bu da təşkilatın Dağlıq Qarabağ məsələsində dövlətimizə dəstəyini və ədalətli mövqeyinin əyani təzahürüdür. Azərbaycan daim hərtərəfli və genişləndirilmiş siyasəti ilə Avropa ölkələrinin diqqət mərkəzində olub. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətdəki uğurlarının daha bir göstəricisi kimi qəbul olunmalıdır. Bu da öz növbəsində beynəlxalq arenada dövlətin mövqeyinin güclənməsinə xidmət edir. Görüşdə iştirak edən Ermənistan tərəfi yenə öz dilinin bəlasına düşdü desək, səhv etmiş olmarıq. Ramin Səfərovla bağlı açıqlamaya Prezidentin göstərdiyi fakt, yəqin ki, Nikol Paşinyan üçün gözlənilməz oldu. Paşinyan belə beynəlxalq səviyyəli görüşdə ictimaiyyət qarşısında özünü gülüş vəziyyətə salmaqla Avropa İttifaqının gözündən düşmüş oldu. Hətta Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını belə saxtalaşdırmaqdan çəkinməyən Ermənistanın baş naziri bir daha öz yalançı siyasətini ifşa etdi, - deyə Müşfiq Cəfərov qeyd edib.