Ermənistan XİN-in uydurma bəyanatı: sənədlər nə deyir?
Bakı, 15 yanvar, AZƏRTAC
Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğın törədilməsinə dair 2021-ci il 13 yanvar tarixli əsassız bəyanatına Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tutarlı cavabı məlumdur. Buraya Ermənistan tərəfindən 1918-1920-ci illərdə aborigen azərbaycanlı əhalinin kütləvi surətdə məhv edilməsinə, vəhşicəsinə deportasiyasına və digər məsələlərə dair çoxlu təkzibedilməz faktları da əlavə etmək olar. Ermənistan XİN-in bəyanatı başdan-başa uydurmadır. Sənədlər sübut edir ki, 1988-ci ilin fevralında Sumqayıtda olduğu kimi, 1990-cı ilin yanvarında Bakıda da törədilmiş hadisələr üçün məsuliyyət sovet xüsusi xidmət orqanları ilə yanaşı, erməni kilsəsi və təşkilatlarının üzərinə düşür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
Deputat bildirib: “Bakı, Moskva və Ankarada nəşr olunmuş monoqrafiyamda istifadə etdiyim ən mötəbər arxiv sənədi təsdiq edir ki, 1990-cı ilin yanvarında Bakıda baş vermiş təxribatda erməni kilsəsinin bilavasitə iştirakı və əli olub. Sənəddə yazılır ki, Bakıdakı erməni kilsəsinin dyakonu (aşağı rütbəli keşiş) S.S.Davityan 1988-ci il martın 8-10-da Eçmiədzinə gedərək bütün ermənilərin katolikosu I Vazgenin qəbulunda olmuş, sonra isə ieoromonaxlar İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyanla görüşmüşdü. Söhbət zamanı Bakı və Sumqayıtdakı şəraitlə maraqlanan, Dağlıq Qarabağ məsələsində Bakı ermənilərinin bitərəf mövqe tutmasının səbəblərinə dair suallar verən Matevosyan bildirmişdi: “Onlar böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar”. S.Davityan cavabında demişdi ki, Ermənistan əhalisinin çıxışları Bakı ermənilərinin vəziyyətinə mənfi təsir edə bilər. Bu zaman kilsə xadimləri soyuqqanlılıqla belə söyləmişdilər: “Burada qorxulu heç nə yoxdur, onları (Bakı ermənilərini nəzərdə tutulur) qurban vermək olar”.
Erməni kilsə xadimlərinin söylədikləri onların iki xalq arasında sülh yaratmaqdan nə qədər uzaq olduqlarını, düşmənçiliyi, əsassız ərazi iddialarını qızışdırdıqları, bu istiqamətdə qanlı əməllər törətməyə hazır olduqlarını və orada iştirak etdiklərini göstərirdi. Bununla, əslində, xristianlığa daha bir silinməz ləkə vururdular. Ermənistan XİN-in bəyanatı isə bir daha göstərir ki, dövlət siyasətinə çevrilən həmin ənənəvi fəaliyyətlər 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlardan sonra da davam etdirilir və düşmənçiliyi qızışdırmağa yönəldilib.