ERMƏNİSTANDA ABXAZİYA VƏ CƏNUBİ OSETİYANIN MÜSTƏQİLLİYİNİ TANIMAQ BARƏDƏ ÇAĞIRIŞLAR SƏSLƏNİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan mətbuatında yayılan məlumata görə, Ermənistan Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyinin tanınması barədə düşünür.
Tbilisidə çıxan “Axali taoba” (Yeni nəsl) qəzetinin 29 avqust tarixli sayında dərc olunmuş məqalədə deyilir ki, dünya birliyi Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımasına dair qərarını pislədiyi halda, bəzi erməni ekspert və politoloqları Ermənistan iqtidarını bu bölgələrin müstəqilliyini tanımağa çağırırlar. Politoloq Levan Melik-Şahnazaryan Ermənistan parlamentinin Dağlıq Qarabağın, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını tələb edir.
Qəzet yazır ki, ekspert Eduard Abramyan da eyni mövqedən çıxış edir. Lakin o, yaxşı bilir ki, rəsmi Yerevan bu addımı atsa Beynəlxalq birlikdən ciddi kötək alacaq və buna görə Qərbin qəzəbinə düçar olmamaq üçün Ermənistanın Kosovonun müstəqilliyini tanımasını təklif edir. E.Abramyan Ermənistanın Şimali Kiprin müstəqilliyini tanımaqla rəsmi Ankaranı neytrallaşdırmağın mümkün olması iddiasındadır.
Məqalə müəllifi sonda deyir: “Ermənilər yaxşı dərk etməlidirlər ki, Ermənistanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıması faktını Gürcüstan təqdir etməyəcək. Görünür erməni ekspert və politoloqları Ermənistanın bir çox məsələlərdə Gürcüstandan asılı olduqlarını unudurlar. Həmçinin Gürcüstan ilə Azərbaycanın gözəl əlaqələri olduğunu da unutmamağı onlara məsləhət görürəm.
Ermənistanda bizim Abxaziya müharibəsi zamanı baş verənləri də yaddan çıxarmayacağımızı bilməlidirlər. Baqramyan adına batalyonun hərəkətini unutmaq bizim tərəfimizdən böyük səhv olardı. Beləliklə, rəsmi Yerevanın ağıllı hərəkət etməsi pis olmazdı. Əks təqdirdə o, bir gün çox ağır vəziyyətə düşə bilər”.