Ermənistanın əsl məqsədi Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir
Bakı, 28 mart, AZƏRTAC
Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə dair ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik martın 18-də, ATƏT sədrliyinin xüsusi nümayəndəsi və Minsk qrupunun həmsədrləri isə martın 21-də birgə bəyanatla çıxış ediblər. Novruz və Pasxa bayramlarının ruhuna uyğun olaraq, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin çağırışına dərhal müsbət reaksiya verilib. Lakin Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu çağırışın ruhuna zidd olaraq təxribatçı əks münasibət ifadə edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri həmin məsələni şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmiləri tərəfindən danışıqlar prosesinin mahiyyətini yenə də təhrif edən hərbi avantüra xarakterli ziddiyyətli açıqlamalar verilib. Eləcə də Ermənistan tərəfindən qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi və ağır atəş vasitələrindən istifadə edərək atəşkəsin intensiv şəkildə pozulmasına xidmət edən əməllərin törədilməsi davam etdirilib.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan tərəfinin bu qəbildən olan sonuncu təxribatçı əməli martın 27-də baş verib və hücumun qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti və bir əsgəri şəhid olub. Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın əsl məqsədi vəziyyətin qəsdən gərginləşdirilməsi ilə münaqişənin danışıqlar yolu ilə həllinə və qəbuledilməz, qeyri-davamlı olan mövcud status-kvonun dəyişdirilməsinə imkan verməmək, Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vurğulayıb.
H.Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq, gərginliyin yaranması və atəşkəsin pozulmasının əsas səbəbidir. Münaqişənin həllində irəliləyişə nail olmaq və davamlı atəşkəsi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən, ilk növbədə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür.