Ermənistanın son təxribatları Azərbaycanın strateji tərəfdaşı olan İtaliyanı narahat edir
Roma, 16 iyul, AZƏRTAC
İtaliyanın tanınmış “L’Opinione” qəzetində iyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın həyata keçirdiyi təxribatlarına İtaliyanın hakim siyasi-ictimai dairələrinin və tanınmış siyasətçilərinin reaksiyası, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi, eləcə də münaqişənin nizamlanmasının, o cümlədən son hərbi təxribatların qarşısının alınmasının İtaliyanın maraqları baxımından əhəmiyyətinə dair jurnalist Domeniko Letizianın məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu olmaqla ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında edildiyi, Tovuz istiqamətində Ermənistan hərbi qüvvələrinin həyata keçirdiyi təxribatların Ermənistanın Azərbaycana qarşı təcavüzünün yeni dalğası olduğu bildirilir, son təxribatların gətirib çıxardığı tələfatlara diqqət çəkilir və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında son hadisələrlə bağlı fikirlərinə istinad edilir. Həmçinin Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini riyakarlıqda ittiham edərək baş verənlərə görə tam məsuliyyəti erməni tərəfinin daşığını, Ermənistanın bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək istədiyini, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, Azərbaycanın mövqelərini zəbt etmək istədiyini, mülki əhalini, kəndlərimizi atəşə tutduğunu bildirdiyi vurğulanıb.
İtaliyanın ATƏT-in Minsk qrupunun üzvü kimi həmişə münaqişənin siyasi həllini dəstəklədiyi, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanıdığı, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq etdikləri yazıda əksini tapıb. Habelə həmin sənəddə İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, sülh yolu ilə nizamlanmasını dəstəklədiyinin ifadə olunduğu vurğulanır.
Müəllif məqaləsində Ermənistanın son təxribatlarının İtaliya hakim siyasi dairələrində yaratdığı narahatlığa da diqqət çəkir. Münaqişənin həllinə münasibətdə İtaliya hökumətinin, parlamentinin üzvlərinin, tanınmış ictimai-siyasi xadimlərinin verdikləri açıqlamalara yer verilir. Bu xüsusda, müəllif İtaliya Xarici İşlər və Beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun öz azərbaycanlı həmkarına etdiyi telefon zəngində ölkəsinin cari hadisələrə narahatlığını ifadə etdiyi də qeyd olunub. Eləcə də Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, 5 Ulduz Hərəkatı partiyasından olan senator Vito Petroçelli, İtaliya Respublikasının Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, Liqa partiyasından deputat Paolo Qrimoldi, İtaliya parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri, Liqa partiyasından senator Stefano Luçidi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, Liqa partiyasından deputat Rossana Boldi və İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti, İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino, Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının üzvü, “İrəli İtaliya” partiyasından olan deputat Osvaldo Napoli, İtaliyanın sabiq Xarici İşlər naziri, “Marco Pannella” Hüququn Aliliyi Qlobal Komitəsinin prezidenti Culio Terzinin İtaliya mətbuatına açıqlamalar verərək Ermənistan silahlı qüvvələrinin təxribatlarını və Azərbaycan ərazilərinin işğalını pislədikləri, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin yerinə yetirilməsinin vacibliyini vurğuladıqları yazılıb. Həmin şəxslərin öz açıqlamalarında silahlı qarşıdurmaların baş verdiyi Tovuz rayonu ərazisindən İtaliyaya da neft nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənub Qaz Dəhlizinin başlanğıcını təşkil etməsi baxımından maraq doğuran Cənubi Qafqaz boru kəmərinin keçdiyini bildirdikləri qeyd olunur.
Müəllif məqaləsində Ermənistan-Azərbaycan münaqişəsinin və Azərbaycan ərazilərinin işğalının Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə başlıca təhdid olduğunu, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı sənədlərin qəbul olunmasına baxmayaraq, Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmaq əvəzinə öz hərbi aktlarını davam etdirdiyini qeyd edir. Yazıda karbohidrogen ehtiyatları, o cümlədən təbii qazla zəngin olan, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan və İtaliyanın Puliya regionuna qədər uzanan TAP boru kəmərinin təchizatçısı olan Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasını həyata keçirməsi üçün əhəmiyyətindən bəhs olunur. Məqalədə Azərbaycanın İtaliyanın güclü iqtisadi və ticari əlaqələrə malik strateji tərəfdaşı və bölgədə əsas istinad nöqtəsi olduğu və münaqişənin yenidən alovlanmasının İtaliyanı və beynəlxalq ictimaiyyəti narahat etməli olduğu vurğulanır.
Məqalə ilə aşağıdakı keçidlə tanış olmaq mümkündür:
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma