ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ SAHİBKARLARIN VƏZİFƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 23 iyul (AZƏRTAC). “Ərzaq Təhlükəsizliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Lənkəran və Sabirabadda “Aqrar sahədə sahibkarlıq fəaliyyətinə dair hüquqi bazanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirmişdir.
Seminarda aqrar sahədə sahibkarlıq fəaliyyətinin mövcud hüquqi bazası haqqında geniş məlumat verilmiş, ərzaq təhlükəsizliyinin təmin edilməsində sahibkarların üzərinə düşən vəzifələr təhlil olunmuş, ölkəmizin Dünya Ticarət Təşkilatına üzvlüyü ilə əlaqədar rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının vacibliyi bildirilmişdir.
Rəqabət qabiliyyətli məhsul istehsalında, istehsal vasitələrinin alınmasında, məhsulun tədarükü və emalının təşkilində, aqrotexniki tədbirlərin vaxtında və yüksək keyfiyyətlə görülməsində istehsal və istehlak kooperativlərinin rolu xüsusi vurğulanmışdır.
İctimai Birliyin rəhbəri Zahid Abbasov “Kənd təsərrüfatında kooperasiya haqqında” qanun layihəsinin hazırlanmasının zəruriliyindən danışmışdır.
Seminarlarda iştirak edən sahibkarlar istehsal etdikləri məhsulların satışı, güzəştli kreditlərin alınması və digər məsələlərdən bəhs etmiş, mövcud çətinliklərin aradan qaldırılması üçün qanunun qəbulunun vacibliyini vurğulamış və qanun layihəsində bu məsələlərə dair xüsusi maddələrin olmasını məqsədəuyğun hesab etmişlər.
Sahibkarlar belə tədbirlərin tez-tez keçirilməsini, kənd təsərrüfatı istehsalçıları ilə QHT-lərin və digər təşkilatların müntəzəm əlaqəsinə böyük ehtiyac olduğunu bildirmişlər.