ELM VƏ TƏHSİL
“Əsrin müqaviləsi– 30” - beynəlxalq elmi konfrans
Bakı, 20 sentyabr, AZƏRTAC
AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Əsrin müqaviləsi-30” adlı beynəlxalq elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi”nin tarixindən söz açaraq müqavilənin onun siyasi və beynəlxalq əhəmiyyətindən danışıb.
Daha sonra “Əsrin müqaviləsi”nə həsr edilmiş videoçarx nümayiş olunub.
Beynəlxalq konfrans elmi bölmələrdə əyani və onlayn formatda davam edib.
Konfransda Azərbaycandan olan alimlərlə yanaşı, Polşanın Hərbi Texnologiya Universitetinin, Özbəkistan Gülüstan Universitetinin, Norveç Elm və Texnologiya Universitetinin professorları məruzələrlə çıxış ediblər.
Beynəlxalq konfransda “Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əsas ölkələrdən biri kimi”, “Özbəkistan və Azərbaycan arasında neft, nəqliyyat-logistika və enerji sektorlarında qarşılıqlı əlaqələr”, “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu”, “Xəzər nefti Rusiya tarixşünaslığında”, “Xəzər dənizində beynəlxalq tərəfdaşlıq mənbələri məsələsinə dair”, “Heydər Əliyevin milli neft strategiyası və Xəzər nefti böyük dövlətlərin maraq dairəsində”, “Heydər Əliyev və Xəzər dənizinin statusu məsələsi”, “Əsrin müqaviləsi”ndən ötən dövr ərzində Azərbaycan Respublikasının miqrasiya proseslərinin müsbət inkişaf dinamikası” mövzularında məruzələr dinlənilib. Həmçinin “Azərbaycan Respublikasının yanacaq - energetika, nəqliyyat-kommunikasiya və enerji dəhlizləri siyasəti”, “Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün normativ hüquqi baza”, “Türkiyənin “Əsrin müqaviləsi”ndə iştirakı”, “Azərbaycanın transmilli dünya ilə enerji tərəfdaşlığı münasibətlərinin yaradılması”, “Azad bazar iqtisadiyyatına keçid. Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi”, “Azərbaycanda neft-qaz geologiyası və geotexnologiyasında nailiyyətlər”, “Əsrin müqaviləsi və Azərbaycan Respublikasının mədəni həyatı”, “Əsrin müqaviləsi və ali təhsilin inkişafında yeni mərhələ”, “Əsrin müqaviləsi və Azərbaycanda musiqi mədəniyyətinin inkişafı” mövzularında məruzələr təqdim edilib.
Çıxışçılar “Əsrin müqaviləsi”nin Azərbaycanın sosial-iqtisadi, eləcə də siyasi inkişafı üçün əhəmiyyətindən söz açıblar. Müqavilənin imzalanması ilə Azərbaycanın “Yeni neft strategiyası”nın uğurla həyata keçirildiyini, bu sahədə xarici tərəfdaşların Azərbaycana inamını vurğulayıblar.