ESTONİYA HÖKUMƏTİ “MEŞƏ QARDAŞLARI”NI AZADLIQ MÜCAHİDLƏRİ KİMİ TANIMIŞDIR
Qanundakı şərtlərə görə, bəşəriyyətə qarşı cinayətlər və ya hərbi cinayətlər törətmiş şəxslər azadlıq mücahidləri hesab edilməyəcəklər. Sənəd müəlliflərinin fikrincə, qanun layihəsindən məqsəd Estoniyanın müstəqilliyinin bərpasında müəyyən xidməti olmuş respublikanın bütün vətəndaşlarına minnətdarlıq ifadə etməkdir.
Vətən İttifaqı Partiyasının üzvü Trivimi Velliste müdafiə naziri Yurgen Liginin hazırladığı qanun layihəsini ağılsızlıq adlandırmışdır. O demişdir: “Əgər hökumət “bəşəriyyətə qarşı cinayət və ya hərbi cinayət törətmiş şəxsin azadlıq mücahidi sayılmadığı” barədə layihədəki müddəanın qırıcı batalyonlarda vuruşmuş şəxsləri azadlıq uğrunda mübarizlər sırasından çıxaracağına ümid bəsləyirsə, bu, sadəlövhlükdür”. Siyasətçi xatırlatmışdır ki, qırıcı batalyonlara daxil olmuş respublika vətəndaşları məhkəmə qarşısında bir dəfə də cavab verməmişlər.
Hitler ordusunun tərkibində, habelə “meşə qardaşları” dəstələrində vuruşmuş estonların rəsmən tanınması barədə məsələ ilk dəfə 2004-cü ildə “Estoniyanın Azadlığı uğrunda Mübarizlər İttifaqı”nın toplantısında qaldırılmışdır. İkinci Dünya müharibəsi illərində Hitler Almanyası tərəfində vuruşmuş üç minədək adamı birləşdirən bu quruma 20-ci SS diviziyasının veteranları da daxildirlər.