“Ətraf mühit, sosial və idarəetmə prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na” dair təlim keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi və İqtisadiyyat Nazirliyinin (Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının) birgə dəstəyi ilə həyata keçirilən “İnkişafın maliyyələşdirilməsi” layihəsi çərçivəsində “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair seminar təşkil olunub. Seminarda bank sektorunu, beynəlxalq təşkilatları, özəl sektoru və aidiyyəti dövlət orqanlarını təmsil edən 50-dən çox nümayəndə iştirak edib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov BMT-nin qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə götürülən öhdəliklərin həyata keçirilməsinin Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən olduğunu, ötən müddət ərzində ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən 30-dan çox dövlət proqramları, strategiyalar və tədbirlər planlarının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edildiyini bildirib. Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin 2030-cu ilədək Azərbaycan üçün əsas istiqamətlərdən biri olaraq müəyyənləşib və milli prioritetlərə uyğun olaraq təsdiq edilib. “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təbii resurslardan dayanıqlı və davamlı istifadənin təmin olunması, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılması (2026-cı ilədək 24 faizə çatdırılması) ilə bağlı hədəflərin nəzərdə tutulduğu qeyd olunub.
Milli prioritetlərin, habelə ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi baxımından, xüsusilə iqtisadi böhran nəticəsində qlobal iqlim dəyişikliyi və mövcud bərabərsizliklərin dərinləşməsi ilə ekoloji, sosial və idarəetmə (ESG) məsələlərində hərəkətə keçmə zərurətinin getdikcə aktuallaşdığı və istər dövlət təşkilatlarının, istər özəl şirkətlərin ESG performansının tələblərinə cavab verməli olduğu və dayanıqlılıq hesabatlarını hazırlamalı olduqları vurğulanıb.
Seminarda, həmçinin Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xalıyev və Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov çıxış edərək bildiriblər ki, ESG-nin köməyi ilə kreditorlar biznesləri ətraf mühitə qayğı göstərməyə, iqlim dəyişikliyi və digər sosial problemlərlə əlaqəli müxtəlif risklərdən qorunmağa kömək edəcək “yaşıl” və “sosial məsuliyyətli” ideyaları həyata keçirməyə təşviq edə bilərlər. Belə ki, fəaliyyətində ESG standartlarını tətbiq edən şirkətlərin maliyyə mənbələrinə əlçatanlığının artırılması, habelə daha sadələşdirilmiş kredit şərtlərindən istifadəsi ilə bağlı tədbirlər həyata keçirilə bilər və ya reytinqi aşağı olan şirkətlərin kredit alması məsələləri çətinləşdirilə bilər.
Seminar çərçivəsində beynəlxalq ekspert Deniz Erkus tərəfindən iştirakçılar üçün ESG prinsiplərinin tətbiqi və Dayanıqlılıq Hesabatlarının hazırlanması metodologiyası üzrə təqdimat edilib və iştirakçıların sualları cavablandırılıb.